Hamısını tapa bilirəm, birini tapa bilmirəm

Bir belə misal vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşirəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, helə gərək belə də olsun. Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülkü, malı və neçə nəfər uşaqları da qalır.
Təşbihən, Hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə uşaqlara qəyyum olub və hər ixtiyarı da yədi-təsərrüfünə keçirir. Söz gəlişi, uşaqların anasına naməhrəm olmasın deyə, nikah da oxudur. Bəli, müsəlman olan adam gərək belə də olsun…
Və səğirlərin pulundan çox xərc olmamaqdan ötrü nökərləri-zadları da azad edir. Ancaq uşaqlar nökərlərin xidmətlərin dəröhdə edə bilirlər, eləməsələr də yaramaz; çünki Hacı əmi şapalaqlıyar. Qaldı ki, mülk, mal və pul – onları da icaryə və müamiləyə verib işlədir. Bəli, vəqt o vəqt olur ki, uşaqlar böyüyürlər, indi gərək Hacı əmi uşaqlara hesab versin. Hesab isə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayır ki, Hacı əmi uşaqlara versin. Burasını istəyiərm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, Hacı əmi “bəllə’tü” edib “həzmi-rabe”dən ötürmüş olur. Hə, imdi deyəcəksən ki, bu sözlərinin yuxarıda dediyin misal ilə nə münasibəti var? Yox, əzizim, bir dayan, qoy sözümü ayağa kimi deyim, gör münasibəti var, yainki yoxdur.
Vəqta ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzet müxbiri də bu sözləri eşidir, götürüb qəzetəyə yazdırır. Hərçənd Hacı əmi oylə israfçı adam deyil ki, ildə beş-on manat verib bir qəzetəyə abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oxusun. Ancaq qonşudan alıb oxuduğu müftə qəzetdə nagah görür ki, bu əhvalat yazılıb, helə onda kişinin acığı tutub, iki əlli bir qapaz müxbirin başına oylə ilişdirir ki, yazığın papağının qulağı nədir ki, öz qulağı da yırtıq olur. Odur ki, deyirm, helə belə də gərək olsun…
Amma burada yenə bir az fikirləşirəm; fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı neçün ilişdirdi? Tapıram ki, Hacı əminin elədiyi əməlin yazdığına görə… Fikirləşirəm ki, müxbir bu sözləri yalandan yazıb imiş, yoxsa doğrudan? Tapıram ki, doğrudan yazıb imiş. Fikirləşirəm ki, bu əməl yaxşı əməl [deyil] imiş, hətta Hacı əminin xüşgə möminliyinə də yaraşan əməl deyil imiş.
Fikirləşirəm ki, pəs Hacı əmi qapazı öz başına ilişdirməyib müxbirin başına neçün ilişdirdi və halonki bu əməli işləyən Hacı əmi özü imiş, müxbirin təqsiri nə imiş? Əcəba,
buralarını hərçi fikirləşirəm, tapa bilmirəm ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa biləcəyəmmi? Tapa bilsəm də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!..
İndi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..
M. Ə. Sabir

3 thoughts on “Hamısını tapa bilirəm, birini tapa bilmirəm”

  1. Haci emi özunu salim bilib hec dunyayi-cahani duşunmeyib.Ona goredir ki,ecaba doqrudanişanin qulaqi hec xoşuna gelmez.Haci emi öz başina qappazi vurmalidiki ayilsin.Yoxsa bu uşaqlar hamini duşundurmeye mecbur eder.Onda muxbir “Uşaqdaki ferasete bax !”-adli meqale yazanda onda Haci emini kim başa salar!?İndi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..

  2. Axşamınız xeyir, Mirhafiz müəllim! Doktor, əgər dahi Mirsə Ələkbərin tapa bilməyəcəyi və tapa bildiyi halda Hacı əmini başa sala bilməyəcəyi bir bilməcəni indi mən hardan tapım? Deyirəm Hacı əmi də bilirdi ki, müxbir düz yazıb çünki, müxbirin təqsiri papağının qulağında yırtıq olması imiş.

  3. Sabiryazd;qlar; indidə aktualdır ,Düz danışanlar ,həmişə döyülür ,hədələnir ,öldürülür ,gərəkdir ki dilini dinc qoyasan .yoxsa papağın qulağı yirtıq olar .

Comments are closed.