Buradasınız Əsas » Xəbər » Etibar Cəbrayıloğlu: Yerləri dəyişməyə tələsməyək
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Yerləri dəyişməyə tələsməyək 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

PFL-in yanındayam.

Söhbət gözəl və maraqlı çempionatımızı keçirən təşkilatın Nobel qardaşları prospektindəki ofisinə tez-tez baş çəkməyimdən getmir. Məsələ tamam başqa cürdür.

PFL mili Premyer Liqamızın oyunlarını iş günlərinin şıdırığı vaxtına salmaqla lap düz edir. Bizim azarkeşlərə hələ bu da azdı. Əlimdə möhürdən-filandan olsa, matçları sübh tezdən, məsələn səhər 4.30-a təyin edərəm ki, stadiona ümumiyyətlə, gəlib-gedən olmasın. Qızılla gümüşü yaxşı seçə bilməsəm də, azarkeşləri necə lazımdı tanıyıram. İmkan verən olsa, günün 24 saatını elə hay-küy salarlar.

Kino və estrada ulduzlarını da keçiblər, qəzetlərə, saytlara açıqlama verməkdən yorulmurlar. Biri deyir filan stadionda şərait bizi qane eləmir, digəri klub rəsmilərindən xizək tələb edir, deyir ki, fan-klub üzvlərinin xasiyyəti tünddür, onların hər birinə xizək paylamasanız oyunlara gedən deyilik. Başqa bir azarkeş polisdən şikayətlənir. Guya stadiondakı polis serjantı onu qışqırmağa qoymayıb, deyib ki, səsin başıma düşür, səs-küy salma. Birincisi, burada inciməli nə var ki? Serjant deyir qışqırma, qışqırma da. İkincisi də polisin başı ağrıya bilməz bəyəm? Bir sözə görə mətbuatı ayağa qaldırmağa, açıqlama verməyə nə ehtiyac?

Çempionat ərzində azarkeşlərin əlindən bezar olduq, canımızı boğazımıza yığdılar. Az qala hər oyundan sonra hansısa fan-klub mediaya hay salırdı, aləmi bir-birinə vururdu. Guya oyun bitəndən sonra polis azarkeşlərdən kimisə bölməyə aparıb, nə bilim, kimisə 10-15 sutka həbs edib. Bütün bu səs-küyü eşidəndən sonra PFL-i tam dəstəkləyirəm, elə oyunları iş günlərinə salmaqla lap yaxşı edir. 17-18 fanatın əlindən boğaza yığılırıq, çox olsalar görün başımıza nələr gələr. Tutulmaqları, döyülməkləri bir yana qalsın, gül kimi Premyer Liiqamıza da göz vurdular, nəzərə gətirdilər. O qədər dedilər, bu da axırı…

Əvvəllər hər oyundan sonra bir-iki azarkeş 10-15 sutkanı bölmədə keçirməli olurdu. Lap uzaqbaşı kimsə 1-2 il azadlıqdan məhrum olurdu, qurtarıb gedirdi. Lakin indi vəziyyət dəyişib, özü də çox. Artıq fanatları yox, klubların sponsorlarını, yüksək vəzifə tutan kadrlarını polisə çağırırlar. Sonra da başlayır istintaq, ifadə almaq və bunun kimi digər zəruri tədbirlər.

Elə ona görə də son turlarda milli Premyer Liqamızın olan-qalan dadı-duzu da qaçdı. Yəqin istintaqa çağırılan klub rəsmiləri dadı-duzu da oralara apardılar. Bu mövsümü birtəhər yola verdik getdi, görən yeni futbol sezonu necə olacaq? Düz-əməlli fəaliyyət göstərən klub qalacaq, yoxsa…

Deyirəm bəlkə yerləri dəyişməyə hələ tələsməyək. Əvvəlki kimi azarkeşləri polisə aparaq, klub sponsorları, rəhbərləri ilə işimiz olmasın. Yoxsa klublar bir-bir əldən gedər, futbolsuz qalarıq. Futbol olmayandan sonra fanatlar kimə lazımdı? PFL haqlıdı, azarkeş olmasa da keçinərik, əsas futboldu.

Düz demirəm?

Mənbə: “Het-trik news” qəzeti

Şərh yazıya: Etibar Cəbrayıloğlu: Yerləri dəyişməyə tələsməyək

  1. Qabil

    Salam Mirhafiz müəllim. Yazı olduqca düşündürücü və bugünümüzün reallığıdır desəm, yanılmaram.İllərlə ölkə futbol təsərrüfatına rəhbərlik edənlərin apardığı eksperimentlərin yekunudur, bu başverənlər. Azarkeşi stadionlardan iyrəndirən və futbolumuzu azarkeşsiz duruma salan bu başbilənlər,indi növbəti çempionatda iştirak etmək üçün klub və sponsor tapmaqdan ötəri baş sındırmaqdadırlar. Ağız dolusu dedikləri “futbol azarkeşlər üçündür” məntiqinə zidd, bu gün ölkə çempionu çempionluğunu azarkeşsiz şəraitində qeyd edir. Məncə bu gedişlə ölkə futbolunun sabahı sual altındadır.
    *****
    Salam, Qabil bəy! Futbolumuzun nəinki sabahı, elə bugünü də çıxılmaz vəziyyətdədir.

     

Şərh əlavə et


iki − = 1