Buradasınız Əsas » Rəylər » Etibar Cəbrayıloğlu: Kardioloqlar üçün pis xəbər
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Kardioloqlar üçün pis xəbər 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

Bizim babalar ingilislərin babalarından çox bilirdi. Yenə bizimkilər deyən düz çıxdı. Onlar “Hər anın bir hökmü var”- deyəndə indiki ingilislərin babaları heç futbolu icad eləməmişdilər. Düzdü, sonra nə fikirləşdilərsə, futbolu bütün dünyaya bəxş elədilər. Ucsuz-bucaqsız dünyanın bir könüldən min könülə vurulduğu futbol bizim tərəflərə də gəldi və 10 il öncə “Xəzər Lənkəran” yarandı. Bu 10 ildə klub qızıl medal da boynundan asıb, gümüş də qazanıb, kuboku da başının üzərinə qaldırıb. Rekord da vurub, o qədər baş məşqçini öz başından edib ki, rəqəmləri üst-üstə yığında elə rekorda yaxın bir şey alınır.

“Xəzər Lənkəran” bir daha sübut elədi ki, bizim babalar ingilislərin babalarından çox bilirlər. Bu klubda indi sözün lap elə əsl mənasında hər anın bir hökmü var, gündəm elə sürətlə dəyişir ki, Nildo nədi, “Asta qaçan namərddir” deyib dünyanı təəccübləndirən Hüseyn Bolt da bu sürətə çata bilmir. Ayda bir qələbə qazanan, 17 tamaşaçısı, 2 fanatı qalan “ağ-yaşıl” klubdan xəbərlər sel kimi gəlir, bilmirsən ki, hansına inanasan. Səhər komandanı məşqə Oğuz Çətin çıxarır, günorta baş məşqçi Mustafa Dənizli “Hilton”da mətbuat konfransı keçirir. Əli qələm tutanların əlinə fakt verir, deyir ki, mənə də Mustafa deyərlər, nə istefa-filan? Yeni mövsüm üçün planlarını açıqlayır, fəxri prezidentdən təyyarə ala bilməyən Mustafa hoca bir uçaq yerli futbolçunu komandasında görmək istədiyini deyir.

Təyyarə məsələsi bilmirəm hardan gəlib düşdü bu yazının içinə? Mustafa Dənizli “Hilton”dan dönən kimi, yol yorğunluğu canından çıxmamış təyyarəyə minib Türkiyəyə qayıdır. Məlum olur ki, klub prezidenti onunla sərt danışıb, deyib bizə o qədər para xərclətdin, amma və lakin mövsümün sonunda kubokun parasını-yəni yarısını da bizə göstərmədin. Prezident adlı-sanlı türkiyəli məşqçiyə qapını göstərib, jestindən də belə başa düşülüb ki, Dənizlini baş məşqçi kimi görmək istəmir.

Klubla bağlı xəbərlər bununla bitmir ki… Mustafa Dənizli kömür mədənindəki böyük faciədən sonra üzü qapqara qaralan Türkiyəyə dönüncə mediaya açıqlama verir və deyir ki, şu anda Lənkəranda olmasam da, “Xəzər Lənkəran”da görəvimin başındayam. İstefanı unudun, Mustafanı düşünün yəni…

Hocanın açıqlamasını incələməyə macal tapmamış “gəmiçilər”dən təptəzə xəbər gəlir. Deyirlər ki, komandanın oyunçuları Oğuz Çətinə əmanət olunub, çünki çətin işin öhdəsindən Çətin gələr. Bir anın içində yenə gündəm dəyişir, klubla ilgili başqa xəbər eşidirsən. Guya Mirça Rednik gəlir, təbii ki, piyada yox, uçaqla. Sadəcə, hazırda Rumıniyada havalar isti olduğundan yolüstü marketə girib ki, sərin su alsın. Marketdə çalışanlar qaraçılıqlarına salmasalar, Mirça hava limanına tez çatacaq. Təyyarəyə minəndən sonra uçmağa nə var ki…

Təyyarə bu yazıdan bilmirəm niyə əl çəkmir də… Ona görə də təyyarəni bir kənara qoyub keçirəm başqa məsələyə. Klubla bağlı xəbər bitmək bilmir ki. Eşitmişəm Lənkərandakı kardioloqlar ağ xələtlərini geyinib “ağ yaşıllar”ın baş ofisinə yürüş etmək istəyirlər. Guya Dənizlinin istefası xəbərindən sonra ürəkləri yaman ağrımağa başlayıb. Mustafa hocanın zamanında “Fırtınalar meydanı”ndan çıxan azarkeşlər dərhal ürək həkimlərinə müraciət edirdi, xəstələrin upuzun növbəsi yaranırdı. Dənizli getsə, sel kimi axan pulun qabağı kəsiləcək. Kardioloqların uşaqları uşaq deyil, onlara bahalı telefon, yaxşı geyim-keçim lazım deyil? Dostum Səxavət and içir ki, Dənizli gələndən kardioloqlara xərclədiyim pulu özümdə saxlasaydım, bu gün mənim də Fransa çempionatında top qovan klubum var idi.

Ürək həkimləri klubun üstünə yaman düşüblər. Tələbləri də budur ki, Mustafa hoca öz vəzifəsinə bərpa edilsin. Mən biləni “Xəzər Lənkəran”ın verəcəyi cavab kardioloqlar üçün pis xəbər olacaq.

Amma vəziyyət əksinə dəyişə də bilər. Hər anın öz hökmü var… Babalarımız deyib axı.

Mənbə: “Het-trik news” qəzeti

4 Şərh yazıya: Etibar Cəbrayıloğlu: Kardioloqlar üçün pis xəbər

  1. TELMAN

    SALAM YOLUSTU SU ALMAG ISTIYEN REDNIKE GARACILAR ILISSELER DE REDNIK ONLARLA DIL TAPIB OZUNU BIZLERE CATDIRAR.VAY O HALA KI BURDA BIZIM GARACILAR REDNIKE ILISELER. BIZLERE BU BAHA BASA GELER.

     
  2. Mubariz

    Sabahiniz xeyir.Indi Lenkeranda futbol aleminde bele veziyyet yaranib ki,kimi xezere getirseler kordioloqlarin isi xod gedecek.Belke psixoloqlarinda isi coxalacaq.Bir de Xezer yaranani Neftcinin rekordlarin tezeleyir.Neftci bir ilde Boyaga,Terlan,Nazim,Boyaga dusturu ile isledi, Xezer-de Tosak,Mustafa dueti ile.Cox da uzulmeyin Neftci bizden hele irelidedir.

     
  3. Qabil

    Salam, Müəllim! “Ucsuz bucaqsız dünyanın bir könüldən min könülə vurulduğu futbol bizim tərəflərə də gəldi və 10 il əvvəl “Xəzər Lənkəran” yarandı”. Bu cümləni şəxsən Etibar bəyin dilindən eşitmək istəməzdim. Çünki, Etibar bəy Lənkəran futbolunun kökünə bələd olan bilgilərə sahib olan tək-tük insanlardan biridir. Lənkəranın “Xəzər” komandası və ya “Xəzər Lənkəran” adı heç bir şeyi dəyişməməlidir. O cümlədən Lənkəran futbolunun tarixi də. Həmişə bu 10-il yazısına rast gələndə əhvalım pozulur…
    *****
    Salam, Qabil bəy! Yazının ruhundan hiss olunur ki, Etibar bəy son onilliyin futbolunu və “Xəzər Lənkəran”ını nəzərdə tutur.

     
  4. Qabil

    Müəllim, Etibar bəyin ruhuna da, qələminə də 90-cı illərdən bələdəm. Bilirəm, Etibar bəyin vurğusu son illərə aiddir. Amma, axı Lənkəran futbolunun tarixini bilməyənlər(Azərbaycan vətəndaşları nəzərdə tutulur) elə bilir ki, həqiqətən də Lənkəran futbolunun tarixi elə onca ildir. Ümumiyyətlə nə vaxtsa biz bu məsələni elə Sizin, İslam bəyin, Etibar bəyin və digər dəyərli ziyalılarımızın köməyiylə gündəmə gətirməliyik…
    *****
    Sizin, Etibar bəyin köməyi ilə tarix məsələsində yanılmalara da aydınlıq gətirdik. Belə sağlam mükalimələr həmişə lazımdır. Təşəkkür edirəm!

     

Şərh əlavə et


8 + = inyeddi