Etibar Cəbrayıloğlu: Hakimin sözü iki olar…

Su axdı, çuxurun tapdı. Çempionumuz da, medalçılarımız da bəlli oldu. Son illərdə əlimizdəki-ovcumuzdakı futbolu Avropada layiqincə təmsil edən, Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacaran, “Rəvan”a məğlub olan “Qarabağ” yenə heç kimi yaxına buraxmadı. Qurban Qurbanovun “köhlən atlıları” adına premyer-liqa dediyimiz yarışın qalibi oldu, yolüstü kuboku da götürdü. “Neftçi” yenə başqalarının hesabına Avroliqaya vəsiqə qazandı. Baba və nənələrimiz demişkən, özün gözəl olmaya bilərsən, amma əsas odur ki, bəxtin gözəl olsun. Nə isə…
Məmləkətimizdə futbol mövsümü bitdi, bir az faciə, bir az da komediya elementləri qatılmış tamaşa başa çatdı. İndi pərdələri bağlamaq olar. Lakin bir məsələ açıq qaldı. Siz soruşana qədər özüm cavab verim, boşuna niyə zaman xərcləyək ki? Əfəndilər, bəs Tural Cəlilovun şeyi, üzr istəyirəm, dirsəyi nə olsun, dirsəy tapılmadı axı… Yəqin ki, yadınızda olar, sonuncu turda “Rəvan”la “Xəzər Lənkəran” görüşəndə baş hakim Ramil Diniyev əməlli-başlı hoqqa çıxarmışdı. Hakimlərimizin futbolun başına açdığı oyunlara həmişə başı ilə cavab verən hakimlərin başçısı Xaqani Məmmədov da isti-isti açıqlama vermişdi. Sumqayıt-Bakı yolunun Xırdalandan keçən hissəsində səsləndirdiyi fikirdə Xaqani bəy hamını əmin eləmişdi ki, Bayıldakı tamaşanın referesi Ramil Diniyevin qərarı dübbədüzdü. Çünki Tural Cəlilov dirsəyi ilə Ruslan Tağızadəni vurub.
Cəmi ikicə gün sonra bilmirəm yuxarılardan, yoxsa aşağılardan Hakimlər Komitəsinin sədrinə nə dedilərsə sözünü geri götürdü. Bu dəfə Bakı-Salyan yolunun Qobustandan keçən hissəsindən açıqlama verərək dedi ki, birinci dəfə səsləndirdiyim sözlərə bir qoz. Bəs mən mübahisəli epizoda telefonda baxmışdım, telefon zəhrimar da “kitayski” olduğundan ekranı balaca idi. Balaca ekranda yaxşı görmək olmadı.
Ansi Aqoli demişkən, xub. Telefonun ekranı balaca idisə birinci açıqlamada camaatı niyə əmin edirdin ki, referi düz qərar verib? Balaca ekranda Tural Cəlilovun şeyini, üzr istəyirəm, dirsəyini necə görmüşdün? Adamdan soruşarlar ki, adam, dirsək sənin gözünə girməsin, bəs qanacaq, mədəniyyət necə oldu? Bayıldakı biabırçılıqdan ötən bu günlər ərzində nə sən, nə də təlimat verib göndərdiyin Ramil Diniyev ölkənin futbol ictimaiyyətindən, özəlliklə də “Xəzər Lənkəran” azarkeşlərindən niyə hələ də üzr istəməyib? Belə görünür ki, Hakimlər Komitəsinin sədri referilərə seminar keçəndə ilk sözünə belə başlayır- Hakimin sözü iki olar!
Hakimlər Komitəsinin sədri dirsəy məsələsində iki fərqli fikir səsləndirsə də, AFFA və PFL rəhbərliyi israrla susmaqda davam edirlər. Yəqin yaxşı yadınızdadı, məmləkətimizin futbol funksionerləri səhər-axşam, axşam-səhər deyirdilər hakim də insandı, səhv edə bilər, lakin əsas başqa məsələdi. Əsas odur ki, qərəz olmasın, referinin səhvi oyunun nəticəsinə təsir etməsin. Amma Lerikdən Londona, Zaqataladan Zaqrebə qədər hamı gördü ki, Ramil Diniyevin səhvi təkcə oyunun yox, çempionatın nəticəsinə təsir etdi. AFFA və PFL rəhbərliyi bu məsələni araşdırmaq əvəzinə “Badamlı” içməklə məşğul oldular. Son günlər isə başları yaman qarışıqdı, neftlə işləyən çırağı da götürüb gününün günorta çağı yeni mövsümdə oynamağa klub axtarırlar. Ricard Almeyda demişkən, klublar da az bilmirlər, hərə bir bəhanə ilə aradan çıxır. İndi cəmi 8 komanda qalıb. Belə getsə deyəsən hakimlərimiz işsizlikdən bir-birlərinə dirsək atacaqlar…
Mənbə: “Aztodey.az” saytı