Əvəzedicilərimiz evdə də məğlub olmağa başlayıb

Bu gün komandamız Naxçıvanda keçirilən Superkubokdan sonra, ilk çempionat matçına çıxır. Rəqib isə heç də asan olmayan, “Qarabağ”dır.  Qaydalara görə bu komandaların əvəzedici heyətləri bir gün əvvəl görüşürlər ki, bu da dünən “Fırtınalar Meydanı”nın ehtiyat meydançasında 15:00-da başlayaraq, keçirilib. Gərginliyi və dramatikliyi ilə yadda qalan bu oyunun 32-ci dəqiqəsində,həm də əsas heyətimizdə yer alan Kazım Kazımlı hesabı açıb. Cəmi 7-dəqiqə sürən üstünlüyümüzdən sonra, rəqib oyunçu Tural İskəndərov 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Hesabın bərabərləşməsinə baxmayaraq, futbolçularımız ruhdan düşməyərək cəmi 2-dəqiqə sonra 41-ci dəqiqədə Zaman Mirzəzadənin vurduğu qolla fasiləyə üstün durumda yollanmağı bacarıblar.
İkinci hissədə üstünlüyümüzü daha da artırmağı gözlədiyimiz əvəzedici komandamız yenə Tural İskəndərovun 69-cu dəqiqədə vurduğu daha bir qolla yenidən üstünlüyü əldən veriblər-2:2. Matçın qalan dəqiqələrində əvəzedicilərimiz çox çalışsa da qələbə topunu vura bilməyiblər. Belə bir məqamda, 73-cü dəqiqədə “vurmayana vurarlar” prinsipi işə düşüb və Qadir Həsənli “Qarabağ”lı gəncləri önə çıxarıb. Bununla da “Xəzər Lənkəra”ın əvəzedici heyəti artıq evdə də məğlub olmağa başlayıb-2:3.
Bir neçə tur bundan əvvəl hətta liderliyə yüksəlmiş əvəzedicilərimiz artıq liderdən 9 xal geri qalmaqla 4-cü pillədə qərarlaşıb. Ümid edirik ki, bu geriləmə növbəti turlarda aradan qaldırılacaq.