Lənkəranda Futbolun Tarixindən Səhifələr, "Aslanivur"…

Böyük Vətən Müharibəsindən sonra Lənkəranda futbolun inkişafı  Aslan Musa oğlu Əzimovun adıyla bağlıdır.

Həmin illərdə komandaya rəhbərlik etməklə yanaşı, oynayan məşqçi funksiyasını yerinə yetirən Aslan Əzimovun sonrakı illərdə Respublika birincliyində Lənkəran yığma komandasının iştirakını təmin etməkdə, o cümlədən “Qala çəməni” ərazisində Zabitlər evi tikildikdən sonra Lənkəran çayının kənarında, indiki “Xəzər Lənkəran” mərkəzi stadionunun yerində yeni və tarixi meydanın yaradılmasında müstəsna əməyi olub. Onun yetirmələrindən biri və komanda yoldaşları arasında yeganə  həyatda qalmış futbolçu Camal Kələntərli (QEYD: veteran futbolçu artıq 3-ildir ki, dünyasını dəyişib- BURADAN İZLƏ) bu gün də Aslan Əzimovun haqqında kövrələrək danışır:

“Elə bil valideyinləri Aslanın adını  qoyanda gələcəyini görüblərmiş. Onun qədər mərd, Lənkəranı sevən, futbolun inkişafı üçün gecə-gündüz çalışan bir insanın tələbəsi olmaq, üstəlik eyni meydanda top qova bilmək səadəti mənə nəsib olub. Məhəllə-məhəllə gəzib yeniyetmə istedadları tapıb üzə çıxarır, onların Lənkəran yığmasına gətrilməsinə vasitəçi olardı. Lənkəran çayının kənarında futbol meydançasının yaranmasında da böyük işlər görmüşdü. Mən, Fəyaz Qaraxanov və digər insanlar bir neçə gün oranın daş-kəssəkdən təmizlənməsi ilə məşğul olduq. Bu müddət ərzində Aslan bir gün başımızın üstündən əskik olmayıb”.
Qeyd edək ki, yeni stadionun  yaradılmasını o vaxtın rayon partiya komitəsinin katibi məhz Aslan Əzimova tapşırır. Meydança hazır olandan sonra isə görülən işdən o qədər razı qalır ki, Əzimova dönə-dönə minnətdarlığını bidirir.
 “ASLANIVUR”
Qəribə termindir, deyilmi? Bəli, 40-cı illərdə Lənkaranda bu ifadənin–“Aslanivur”  termininin yaranma səbəbkarı da Aslan Əzimovdur.  Aşırma vuruşunu, Lənkəranlı futbolsevərlər onun ifasında görüblər. Bu vuruşu Aslan Əzimov o qədər dəqiq və gözəl yerinə yetirirmiş ki, 20 il sonra belə azarkeşlər yerli oyunçularla aşırma vuruşu izləmək üçün qışqırarmış: –“Aslanivur “.
17 iyul  1924-ci ildə Lənkəranda anadan olan Aslan Musa oğlu Əzimov 27 iyun 1986-cı ildə vəfat edib. Oğlu Dəyanət Əzimov da yaxşı futbolçu olub və 1960-cıillərin sonunda Lənkəran “Xəzər”inin heyətində çıxış edib. Maraqlıdır ki, atası Aslan Əzimovla bağlı Dəyanət Əzimovun qapısını indiyə qədər bir neçə jurnalist, araşdırmaçı döysə, xatirə şəkillərini aparsa da ailəsi bu günə qədər hər hansı yazıya, məqaləyə rast gəlməyib. Yəqin elə bundan irəli gəlirdi ki, Dəyanət bəy bizimlə söhbətdə atası barədə ətraflı danışmadı. Aslan Əzimov  haqqında yazdıqlarımızı da yaşlı  futbolsevərlərdən öyrənə bildik.
Lenkeran Futbolu_2
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun İnkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.
Mənbə: 12cioyuncu.info

3 thoughts on “Lənkəranda Futbolun Tarixindən Səhifələr, "Aslanivur"…”

  1. Salam, Mirhafiz müəllim! Unutqanlıq bizim qanımıza, canımıza işləyib. Nəki 50, 60,70-ci illərdə, hətta 80,90-cı illərdə “Xəzər”in şərəfini qorumuş dəyərli futbolçular unudulub, heç yada belə salınmır. İndiki futbolçular iki-üç il top qovduqdan sonra özlərinin bütün maddi problemlərini avtomatik həll etmiş olur. Amma keçmiş futbolçular çox vaxt futboldan maddiyyət heç gözləmirdilər. Çünki, futbola görə onlara ödənilən məvacib qəpik-quruş idi. Otuz ildən yuxarı həm dostum, həm qonşum olan Lənkəranın “Xəzər” komandasının kapitanı Elşad Rzayevdən bir nümunə gətirmək istəyirəm. 80-ci illərdə SSRİ çempionatının birinci dəstəsinin 9-cu zonasında çıxış edən “Xəzər”in aparıcı üzvi olan E.Rzayev futbola görə mənim də işlədiyim Lənkəran kondensator zavodundan vur-tut 260 manat əməkhaqqı alırdı.Bədən Tərbiyyəsi İnstitutunun məzunu, keçmış futbolçu-indiki alverçi E.Rzayev deyir ki, 15-ildən bir qədər çox “Xəzər”in şərəfini qorudum. Həmyerlilərimin yaddaşında yaxşı futbolçu kimi qalsam da heç bir problemimi həll edə bilmədim, nə etdimsə yalnız ticarətlə etdim. Soruşanda ki, futbolla bağlı kimsə Sizinlə maraqlanıbmı? Deyir karyeramı bitirdikdən sonra bugünə qədər heç kim maraqlanmayıb. 80-ci illər “Xəzər”in əsas heyət üzvlərindən Məhəmməd Ələkbərov, Əilhüseyn Rəhimov,Nadir Vahidov, Elxan Əliyev dünyasını dəyişsə də(Allan Onlara Rəhmət eləsin)o biriləri ki, sağdır. Axı onların hər biri 30 il bundan əvvəlki “Xəzər”imizin canlı tarixidir!
    *****
    Salam, Qabil bəy! Elşad Rzayevin oyunu mənim dəqiq yadımdadır. Çox sürətli və texnikalı və rəqibin səhvini bağışlamayan futbolçu idi. Yeri gəlmişkən mənim salamımı Elşad bəyə çatdırmağınızı rica edirəm. Bilirsiniz ki, Lənkəranın “Xəzər” klubunun tarixi və bu günki əfsanələri ilə bağlı layihəmiz var. Elşad bəy və gəlmiş-getmiş komanda yoldaşları ilə əlaqədar layihəmizə yaxın vaxtlarda start veriləcək. Bu işdə Elşad bəyin də bizə çox köməyi dəyəcək.

  2. Bizdə futbol olub.Bunu təəssuf ki, vaxtinda araşdirmayiblar.Allah dunyasini dəyişmiş veteran futbolçularimiza rəhmət eləsin.
    Bu yazilar tarixdə qalacaq və silinməyəcək..Zəhməti keçmiş hər kəsə təşəkkur borcumuz var.Tarix heç nəyi bağişlamir.

  3. Salam Müəllim! Bugün “Xəzər”in veteran futbolçusu Rasim Abdullayevlə(Rasim bəy hazırda “Xəzər Lənkəran”ın gənc futbolçusu olan Kamran Abdullazadənin əmisidir)söhbətim çox maraqlı alındı. Rasim bəy söhbət əsnasında bildirdi ki, 1977-ci ilin yekununda “Xəzər”komandasınin qazandığı “bürünc” medal bizə SSRİ çempionatının ikinci dəstəsində çıxış etmək şansı yaratdı. SSRİ çempionatına hazırlığı çox erkən başladıq və baş məşqçi Hafiz Namazov komandanı gücləndirməkdən ötrü Azərbaycanın digər komandalarından Tofiq Mustafayevi, Jandarmovu, Yuri Yasaulovu,Adəm Quliyevi, Nadir Vahidovu, Baxtini, Məcnun İbrahimovu Lənkərana dəvət etdi. Beləliklə əsas heyətdə Lənkəranlı yetirmələrdən Rafiq Səmədov, Saşa Slavaqorodski, Fəxrəddin Şərifov və mən (Rasim Abdullayev)qaldıq.
    *****
    Çox sağ olun, Qabil və Rasim bəy! Göründüyü kimi çoxlu maraqlı məlumatlar var Lənkəran futbolu və onun “Xəzər” komandası haqqında. Hamımız köməyləşib, ürək açan faktlarla zəngin futbolumuzu yazılı tarixə çevirməliyik. Əslində bu tarix onlar tərəfindən yazılıb!

Comments are closed.