Şifo Mehmet: "Denizli haqqında danışmaq mənim həddim deyil"

Türkiyə Superliqasında mübarizə aparan “Gənclərbirliyi” klubunun baş məşqçisi Mehmet Özdilək  Antalyaya ezam olunmuş əməkdaşımızın suallarını cavablandırıb. “Beşiktaş”ın sabiq futbolçusu olan “Şifo Mehmet” ləqəbli 47 yaşlı çalışdırıcı söhbət zamanı “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Con Toşakı xatırlayıb, uelslinin xələfi Mustafa Dənizliyə inamını ifadə edib.
– Hazırlıq prosesinin gedişindən razısınızmı? 
– Çox ciddi işləyirik. Yanvarın 18-dək buradayıq, 4 gün öncə məşqlərə başladıq. Daha sonra Ankaraya dönəcəyik. Ayın 24-də Türkiyə Superliqasında ikinci dövrə başlayır. Antalyada 4 yoxlama matçı keçirəcəyik. Qarşıda bizi çətin dönəm gözləyir. Az səhv edib, mümkün qədər çox xal toplamağı hədəfləmişik.
– 17 oyundan 21 xal toplamısınız. 11-ci pillədə qərarlaşmağınız qanunauyğundur, yoxsa daha da yaxşı ola bilərdi? 
– Mən komandaya 8-ci turdan sonra gəldim. Komanda 4 xalla 18-ci sırada idi. Son 9 matçda isə 17 xal topladıq. “Gənclərbirliyi” adına mənfi göstəricidir. Ancaq reallığı nəzərə alsaq, 21 xal toplamağımız düşündüyümüzdən də yaxşıdır. Əsas məsələ 34 oyundan sonra harada olacağımızdır.
– Deməli, “Gənclərbirliyi”nin avrokuboklara vəsiqə qazanmaq şansı azdır… 
– Bu il çətin olacaq. Hədəfimiz çempionatı ilk “onluq”da bitirməkdir. Lakin növbəti mövsümdə avrokuboklara düşmək üçün bir “Gənclərbirliyi” olacağıq.
– Futbolçu karyeranızda 13 il “Beşiktaş”ın formasını geyinmisiniz. Bildiyimizə görə, sizi İstanbul klubundan Con Toşak kənarlaşdırıb. Həmin vaxt aranızda nə problem yaşanmışdı? 
– Problem deməzdim, 1-2 oyun məni ehtiyatda saxladı. Karyeramda bir mövsümdə ən çox qolu Toşakın dönəmində vurmuşam, 16 dəfə fərqlənmişdim. Müəyyən vaxtlarda baş məşqçilərlə oyunçular arasında bəzi sıxıntılar olur.
– Aranızdakı sıxıntı nə ilə bağlı idi? 
– Burda şəxsi heç nə yox idi. Sadəcə, baş məşqçinin seçimi ilə əlaqədar idi. İndi mən də məşqçiyəm, onu yaxşı başa düşürəm. Onun qərarlarına qarşı heç vaxt üsyan etmədim. Əksinə, daha çox çalışaraq özümü isbatlamağa can atdım. Həmin vaxt məndən çox media Toşaka təzyiq göstərdi. Əslində, cəmi 2 oyunda mənə şans vermədi, vəssalam.
– Toşaka qarşı hansısa incikliyiniz qalıb? 
– Xeyr, qətiyyən! Daha sonra görüşdük, görüşməyə də davam edirik.
– Uelsli mütəxəssis Azərbaycanda öz sözünü deyə bilmədi. Onun çalışdırdığı “Xəzər Lənkəran” uğursuzluğa düçar oldu. Toşakı bir məşqçi kimi necə xarakterizə edərdiniz? 
– İnsanlar dəyişir. Burdakı Toşakla Azərbaycanda çalışan Toşakın fərqli olması normaldır. O, xarakterini ortaya qoymağa çalışan bir məşqçidir. Həm də yaxşı futbolçu karyerası olub. Azərbaycandakı işinin detallarını bilmədiyim üçün şərh verməyim düz çıxmaz. Lakin yaxşı bir mütəxəssis olduğunu qeyd etməliyəm. Ondan öyrəndiyimiz şeylər oldu. Amma futbol dəyişir və bu dəyişikliklərə ayaqlaşmayanlar yerində sayır. Bu da önəmli məqamdır.
– Con Toşakın uğursuz olmasının səbəblərindən biri “Xəzər Lənkəran”ın oyunçularına həddindən artıq sərbəstlik verməsi idi. “Beşiktaş”da da belə idi? 
– Yox. Dedim axı, zaman keçdikcə, insanlar dəyişir. Bu hər məşqçinin öz işidir.
– Bildiyiniz kimi, Toşakı həmyerliniz Mustafa Dənizli əvəzlədi. Sizcə, onun ölkəmizdəki karyerası necə olacaq? 
– Dənizlinin karyerası barəsində nəsə demək mənim həddim deyil. Türk futbolunun ən dəyərli simalarından biridir. Ölkəmizdə, İranda, Almaniyada gördüyü işlər göz önündədir. Azərbaycanda da uğur qazansa, bu sürpriz olmaz. Azərbaycan Premyer Liqası çox maraqlı bir birincilikdir. Bildiyimə görə, istənilən komanda digərini məğlub edə bilir. “Xəzər Lənkəran”ın azarkeş baxımından rəqiblərindən üstün olduğunu eşitdim. Uğurlu nəticə tribunaların dolmasına gətirib çıxardacaq. Dənizlinin orada olması Azərbaycan və “Xəzər Lənkəran” üçün böyük üstünlükdür.
– Belçikalı Enso Şifoya bənzədiyiniz üçün sizə “Şifo Mehmet” ləqəbi verilib. Bəs məşqçi Mehmet Özdilək kimə bənzəyir? 
– Məşqçi olaraq özüməm. Dünyanın öndə gələn bir çox mütəxəssisləri ilə çalışdım. Hamısından bir şeylər öyrənmişəm. Lakin hər məşqçinin özünəməxsus tərzi olur.
– Türkiyə Superliqasında keçirdiyiniz 387 oyunda 130 qol vurmusunuz. Orta xətt oyunçusu üçün yüksək göstəricidir. Gələcəkdə Türkiyə futbolunda bunu təkrarlayacaq futbolçu çıxa bilərmi? 
– Arzumuz budur, amma asan deyil. Özü də, bunu bir klubun – “Beşiktaş”ın heyətində etmişəm.
– Türkiyə millisində Fatih Terimin köməkçisi olmusunuz. Bildiyimizə görə, 2005-ci ildə aranızda problem yaşanıb… 
– Bəli, İsveçrə ilə oyundan sonra söz-söhbət oldu. Çətin anlar idi. Qalib gəlməyimizə rəğmən, dünya çempionatına gedə bilmədik. Elə bir vəziyyətdə arzuolunmaz şeylər yaşandı. Həmin vaxt səhv etmişdim və istefa verdim. Milli komandadakı karyeram 6 ay çəkdi. “Hər şərdə bir xeyir var” – deyiblər. Ondan sonra “Antalyaspor”da işə başladım və uğurlu 5 il keçirtdim. İndi isə buradayam – “Gənclərbirliyi”ndə.
– Türkiyədən Azərbaycan futbolu necə görünür? 
– İnkişaf etməkdə olan futbolunuz var. İnfrastruktur, yeni stadionlar baxımından önəmli işlər görülür. Klublarınız imkanlıdır, özlərinə uyğun futbolçular ala bilirlər. Orada hədəf avrokuboka düşməkdir, bunun üçün yaxşı legionerlər transfer edilməli, uşaq futboluna diqqət yetirilməlidir. Qardaş ölkəyik, Azərbaycan futbolunun inkişafı bizə, bizim inkişafımız sizə dəstək olacaq. Azərbaycan yaxın gələcəkdə futbol ölkəsi olacaq.
– Siz indiyədək Azərbaycandan təklif almısınız? 
– Xeyr, hələlik belə bir şey olmayıb.
Mənbə: Apasport.az

1 thought on “Şifo Mehmet: "Denizli haqqında danışmaq mənim həddim deyil"”

  1. Salam muəllim!-Bu gun kamandamiz haqqinda bolluca məlumatlar yer almaqdadir.Lakin bu məlumatlar tam təsdiqini tapandan sonra nəsə danişmağa əminlik yaranir.Edu Oriolun getməsi haqqinda deyilənlər klubumuz tərəfindən hələ rəsmi bildirilməyib.Xorvatiyali qapici ilədə muqavilə bağlanmayib.Hadisələrin gedişati bu yöndə cərayan edir,amma kecən transfer dönəmi bizə cox şeyləri öyrədib.Cox oyuncularin adi kamandamizla birgə cəkilsədə son anda təsdiqini tapmadi.Hələ rəsmi muqavilə təsdiq olunmasada ,artiq xorvatiyali qapiciya azarkeşlərimiz xeyir-dua verməyə başlayiblar.Klub prezidentinin kamandamizin yaninda olmaği cox mətləblərdən xəbər verir.Sual oluna bilər ki, bəs klub prezidenti bu vaxta kimi kamandanin yaninda deyildimi?.-Cavabim belədir,yaninda idi amma bu qədər yox.Bunun səbəbləri Toşak dövrunun uğursuzluqlari ilə izah edərdim.Həmin uğursuzluqdan sonra fəxri-prezidentin klubdakilara -indən sonra belə uğursuzluqlari görmək istəmirəm deməsi-muəyyən tərpənişdən xəbər verir.Kamandamiza səviyyəli qapici vacibdir amma bununla belə hucum xəttinidə unutmaq olmaz.Kamandamizdaki butun oyuncular öz oyun uslubunda dəyişilik etməli və kamandamiza xeyir verməlidir.Mustafa Dənizli bu islahatlari kecirtməli və öz kamandasini yaratmalidir.Təşəkkur edirəm.
    *****
    Zəfər bəy, şərhinizin ikinci tərəfi məncə də çox düzgün yanaşmadır. Qaldı ki, şərhinizin birinci tərəfinə, həqiqətən komandada fəallaşma hiss olunur. “Apasport.az” saytı da kifayət qədər ciddi və özünəhörmət edən informasiya mənbəyidir deyə, onun xəbərlərini biz də ciddi qarşılayırıq.

Comments are closed.