Mustafa Denizli: "Maksimum üç futbolçu alacağıq. Ulduz futbolçuların transferi növbəti mövsüm üçün mütləq olacaq"

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Denizlinin müsahibəsi
– Komanda rəhbərliyiniz altında ilk dəfə təlim-məşq toplanışı üçün bir araya gəlib. Hazırlıq prosesi necə gedir?
– Hər şey yaxşıdır. Hazırlıq üçün münasib şərtlər var. Heyətimiz yavaş-yavaş formalaşır. Bizə yeni qoşulan oyunçular olacaq. Komandaya 2 nəfər gənc futbolçu cəlb etmişik – Slavik Alxasovla Orxan Əliyev. Daha 2 oyunçu da olacaq, buna ehtiyacımız var. Həm məşqlərimiz davam etdiririk, həm transferlə maraqlanırıq. Çərşənbə axşamı oynayacağımız yoxlama matçına hazırlaşırıq.
– Alxasovla Əliyevin “Xəzər Lənkəran”a transferi müzakirələrə yol açdı. Həmin futbolçuları özünüz bəyənmisiniz, yoxsa yaş limitinə görə məcburiyyətdən alınıblar?
– Məcburiyyət 21 yaşadək olmaları ilə bağlıdır. Hazırda biz limit məsələsini Orxan Sadıqlı və Ağabala Ramazanovun xidmətlərindən yararlanaraq həll edirik. Ancaq Allah göstərməsin, sabah onlar zədələnərlərsə, işimiz çətin olar. Alxasovla Əliyevi həm yaxşı futbolçu olduqları, həm də limitə uyğun gəldikləri üçün aldıq. Slaviki bir neçə dəfə izlədim. Ancaq Əliyevi bizimlə oyunda gördüm. Klubumuzda çalışanlar onlarla bağlı müsbət fikir söylədilər.
– “Xəzər Lənkəran” kimi iddialı klubun iddiasız və autsayder komandadan futbolçu alması nə dərəcədə doğrudur?
– Bu, çox önəmli deyil. Bir komandanın vəziyyəti pis olsa da, orada yaxşı futbolçular ola bilər. Belə götürəndə, “Xəzər Lənkəran” da bu heyətlə Premyer Liqada 8-ci sırada olmamalıdır. Bunlar gənc futbolçulardı, inkişaf edib, aparıcı oyunçulara çevrilə bilərlər.
– Adətən qış fasiləsində transfer etmək çətin olur. Komandanızı gücləndirə biləcək futbolçular tapa biləcəksiniz?
– Yaxşı pulla transfer etmək mümkündür və ya hansısa yaxşı futbolçunun klubu ilə müqaviləsi bitibsə, onu gətirmək olar. Çempionatı başa çatan ölkələrdən oyunçu tapmaq olar. Məsələn, Braziliyada mövsümə yekun vurulub. Avropadan da kimlərisə almaq mümkündür.
– “Xəzər Lənkəran” artıq bir həftədir Antalyadadır, lakin heç kimi heyətinə qatmayıb. Gecikdiyinizi düşünmürsünüz?
– Xeyr, belə bir problemimiz olmaz. Zatən, 7-8 oyunçu almaq imkanımız yoxdur. Maksimum 3 futbolçu alacağıq, onlara baxırıq.
– Həmin futbolçular hansı mövqelər üçün nəzərdə tutulub?
– Biri qapıçı, digəri orta xətt oyunçusu olacaq. Bir hücumçu da nəzərdə tutulub. Duqlas Leyte, Edu Oriol və Radomir Todorov getdi, 3 oyunçu itirdik. Elnur Allahverdiyevin dönəcəyini düşünürdüm, olmadı.
– Sizin kimi adlı-sanlı mütəxəssisin Azərbaycana gəlişindən sonra çoxları tanınmış futbolçunun transfer ediləcəyini gözləyir. Belə bir namizəd var?
– Mən də eyni qənaətindəyəm. Ancaq turnir cədvəlinə baxdığımızda, əsas rəqiblərlə aramızda böyük xal fərqinin olduğunu görürük. Sizin düşündüyünüz transferlər yazda, növbəti mövsüm üçün transfer oluna bilərlər. Planlarımız bu cürdür. Lakin bu, o demək deyil ki, cari mövsümdə iddialı olmayacağıq. Avrokuboklara düşmək üçün həm çempionatda, həm də kubokda şansımız var. Ulduz futbolçuların transferi növbəti mövsüm üçün mütləq olacaq.
– Avrokuboka düşmək şansınızı necə qiymətləndirirsiniz?
– Hədəf çempionatı ilk “üçlük”də bitirməkdir. Azərbaycan kubokunu qazansaq isə birbaşa vəsiqə qazanacağıq.
– Yeni gələn qapıçı Vyekoslav Tomiçlə müqavilə bağlanılacaq?
– Böyük ehtimalla, bəli. Mən futbolçunun adını verdim, transferi həll etmək idarəçilərin işidir.
– Toplanış dönəmində 2 yoxlama matçı az deyil?
– Biz burda 5 yoxlama matçı da keçirə bilərdik, problem deyil. Bu qədər oyun keçirmək tərəfdarı deyiləm. Maksimum 3 ola bilər. Ayın 14-də “Çaykur Rizespor”la, 18-i isə “Gənclərbirliyi” ilə qarşılaşacağıq. Böyük ehtimalla, yanvarın 23-də 1 matç da keçirəcəyik. Bununla da toplanışı bitirəcəyik. Yoxlama görüşləri o qədər önəmli deyil. Millidə, “Qalatasaray”, “Beşiktaş” və digər komandalarda çalışanda da bu cür oyunların çox olmasına üstünlük verməzdim.
Mənbə: Apasport.az

5 thoughts on “Mustafa Denizli: "Maksimum üç futbolçu alacağıq. Ulduz futbolçuların transferi növbəti mövsüm üçün mütləq olacaq"”

  1. Muəllim salam!-Necəsiniz?.Nədənsə kamandamizin transfer siyasətinə baxanda nikbinlik görmurəm.Mənə elə gəlir ki, klub transfer etmək ucun Affadan asili durumdadir.Elə mənə gəlir ki, klub cempianatimizin sonunun təqvim cədvəlini bilir,hələ ilk uc yeri tutan kamandanida bilir,kubokun yeni sahibinidə taniyir.Cox muəmmali cempianatdi Azərbaycan cempianati.Məni qinasanizda ,belə görunur.Mustafa bəydə artiq Toşak fəlakətinin astanasindadir.Yaşayariq görərik.Cox təssuf!.Nikbin azarkeşdə bədbin notlarla yaşamağa məcbur olur.
    *****
    Sağ olun Zəfər bəy. Onsuz da bizim çempionatda sizin dediyiniz kimi ssenarilər olur. Lakin bunu klub rəhbərliyi Mustafa Denizliyə açıqlaya bilməz. Zənnimcə Denizli bunu bilsə o an çıxıb gedər buradan. Ona görə də o öz işini görür. Açıqlamalarından belə görünür ki, klub transferlərə lazımi məbləği ayırmayıb. Ona görə də müəyyən çərçivə daxilində hərəkət etmək məcburiyyətindədir. Biz isə klub rəhbərliyinə deyə bilmərik ki, bu qədər yox, bir az çox xərclə. Axı onlar öz pullarını xərcləyirlər. Belədə kiminsə, puluna ağsaqqallıq edə bilmərik. Məncə bu etik normalardan kənarda olan bir şeydir. Yəqin nəticə olarsa, yay trasferlərinə bir qədər artıq vəsait ayıracaqlar. Mustafa bəyin də dediklərindən belə nəticə çıxır. Məncə bu həmişə belə olub. Azarkeşlər də məşqçiləri qınayıb. Yoxsa, lazımi komandanı yaratmağa Mübariz müəllimin imkanı bəs edər. Digəl ki, o qədər maliyyə qarşılığında komandanı sındırıb çempion olmağa qoymurlar. Ona görə də klubun sahibi də həvəsdən düşmüş durumdadır. Bax, bu kimi bədbəxtçiliklər fonunda keçirilən çempionantdan bundan artığını gözləmək olmur.
    Amma Mübariz bəy özünü bir şeylə sübut etməlidir bizim futbolumuzun başbilənlərinə. Yəni Avropaya vəsiqə qazandıqdan sonra çox güclü nəticələr əldə olunmalıdır ki, hamıya sübut olunsun ki, “Xəzər Lənkəran” bax, bu uğurları qazanmağa qadirdir. Yalnız siz (futbol başbilənləri) imkan vermirsiniz ki, daxili yarışlarda uğur qazanaq. Bundan yaxşı sübut ola bilməz! Bunun üçün də heyətin komplektləşməsini və uyğunlaşma prosesini müvəffəqiyyətlə həyata keçirmək kimi məsuliyyətli bir iş əslində indi görülməlidir. Nəinki, yayda Avrokuboklara az qalmış bir vaxtda.

    • Cox sağ olun!-Mən indi yalniz avropa yoluna umid bağlamaliyam.Hec biz cempion olmasaqda olar, təki avropa yolunda uzu ağ cixaq.Yaxşi təsəlli idi mənə.Urəkdən təşəkkur edirəm.

  2. Axşamınız xeyir, Mirhafiz müəllim! M.Dənizli bizi düşündürən əsas sualları heç bir qaranlıq məqam saxlamadan cabablandırıb. Məncə M.Dənizli komandasını tələm-tələsik qurmaq istəmir. Elə bir heyyət qurmaq istəyir ki, onunla Avropaya çıxa bilsin. Builki çempionatı üç legioner almaqla indiki səviyyəni nisbətən yüksəldib Avroliqaya vəsiqə qazanmaq,yayda isə komandanı daha da gücləndirib istədiyi heyyəti qurmaq niyyətindədir.
    *****
    Axşamınız xeyirli olsun, Qabil bəy! Bu mövzuda Zəfər bəyin fikirlərinə biz də öz fikirlərimizi əlavə etmişik. Yəqin siz də bu fikirlərlə razı olarsınız. Mövzuya yanaşmağınızdan belə nəticəyə gəlmək olur.

  3. Burda deyilir ki gelen il ucun ulduz oyuncular alinacaq. Eger 3 luye dusmek ve kubok almaq isteyirikse demeli guclu futbolculari indiden heyete qatmaq lazimdir ki qoy oyuncular bir birine oyreshsin, komanda otursun formalasin, stabil oyun gostersin.Tutalim biz yene avroligaya vesige qazandiq. Yene iyun ayinda oyuncu axtarilacaq ve oyuna biraz qalmis oyuncu qosulacaq ve onun komandaya oyresmesi vaxt alacaq. Yene her ilki kimi carx donmeye baslayacaq.
    Amma qisda alinsaydi, dusunurem ki daha guclu komanda formalasardi. Ya da men sehv edirem.Ya klub umumiyyetle transferlere az pul ayirib , ki bu boyuk ehtimalla beledir. Ya da Mustafa bey basqa cur fikirlesir. Sizin fikirleriniz onemlidir.
    *****
    Uzaq Polşaya bizdən salamlar. Onu demək istəyirik ki, bir az əvvəl Zəfər bəylə fikir mübadiləsi apardıq, şərh vasitəsi ilə. Orda bu məsələyə toxunmuşuq. Göründüyünə görə sizin fikirləriniz də bizimkilərlə üst-üstə düşür. Zəhmət olmasa, bölmədəki bütün şərhləri izləyin. Çox sağ olun!

  4. Men bu degige yuxaridaki Zefer beyin sualina olunan cavabi oxudum. Menim de bilmek istediklerimin orda cavablari var idi. Minnetdaram

Comments are closed.