Futbolun “17 ana qayda”sında II qayda: Top (Video)

Futbolda “17 ana qayda”
II qayda: Top
Futbol Topu, futbol oyunlarının keçirilməsi üçün “ Futbolun 17 ana qaydası”nda nəzərdə tutulan vacib elementdir (II qayda).
Ümumiyyətlə, hər hansı oyunda istifadə üçün toplar, əvvəllər uyğun heyvanların sidik kisəsindən düzəldilərək oynanılırdı. Hava doldurulmuş topların tarixi belə başlanğıc götürüb. Belə toplar nisbətən zərif olub, çox tez istifadəyə yararsız hala düşürdü və bəzən güclü zərbədən dağılmağa düçar olurdu.
Sonrakı illər texnologiyanın inkişaf mərhələləri irəlilədikcə, bu, topların hazırlanması işinə də tətbiq olunmağa başladı. Belə ilk texnologiya ilə hazırlanan top, amerikan ixtiraçısı Çarlz Qudyerin (Charles Nelson Goodyear) sənayedəki ixtirası ilə bağlı idi. Bu ixtita 1838-ci ildə kauçukun vulkanlaşdırılması idi. 1855-ci ildə isə Çarlz Qudyer ilk rezin topu təqdim etdi. Artıq bu rezin toplar, əvvəlkilərə nisbətən öz möhkəmliyi və nisbətən düz trayektoriya ilə hərəkəti ilə seçilirdi. Lakin bunlar tam rezin və hava ilə şişirdilməyən toplar idi.
Daha yeddi il sonra, 1862-ci ildə başqa bir ixtiraçı Riçard Lindon hava ilə şişirdilən rezin kamer ixtira etdi. Buna əlavə olaraq, rezin kameri hava ilə doldurmaq üçün Riçard Lindon bəsit hava vuran qurğu (“nasos”) da ixtira etmişdi ki, bunları da Londonda keçirdiyi sərgidə nümayiş etdirmişdi. Bu ixtiralarına görə hökümət tərəfindən medalla təltif olunmuş Riçard Lindona müasir futbol da minnətdar olmalıdır.
Artıq bildiyiniz kimi 1863-cü ildə İngiltərə Futbol Assosiasiyası təşkil edildi ki, futbola aid qaydalar da bu qurum tərəfindən təsdiq olundu. Lakin bütün qaydalar, ölçü və parametrlər təsdiq olunsa da Futbol Topuna aid parametrlər burada qeyd olunmamışdı. 1872-ci ildə isə burada, Futbol Topuna aid bütün ölçü və çəki standartları təsdiq olundu. Bu vaxta qədər keçirilən matçlarda top tərəflər tərəfindən razılaşdırılır, ölşü və çəkisi müəyyən edilirdi. 1872-ci ildən, yeni qaydalara əsasən isə Futbol Topu tam yuvarlaq, dairə uzunluğu 68,6-71,7 sm ölşüdə olmalı idi. Çəkisinə gəlincə isə bu rəqəmlər, 368-425 qram arasında olmalı idi. Bu rəqəmlər 1937-ci ilə qədər qüvvədə qaldı. 1937-ci ildə isə Futbol Topunun çəkisi 410-450 qram aralığında yüksəldildi ki, bu da günümüzə qədər öz qüvvəsindədir.
1888-ci ildə İngiltərə Futbol Liqası təsis edildi ki, artıq bu liqanın sifarişi ilə ilk olaraq ardıcıl Futbol Toplarının istehsalına başlanıldı. Belə topları ilk olaraq, Mitre və Tomlinson kompaniyaları istehsal etməyə başladı. XX əsrin əvvələrindən bu topların keyfiyyətində çox irəliləyişlərə nail olunub. Hansı ki, müasir kauçuklardan hazırlanan kamerlər daha çox daxili hava təzyiqinə dözümlü olub, üzlük (örtük) altında da davamiyyətlidir. Üzlük (örtük) kamerin üst hissəsini əhatə edir. Bu bir çox hissədən ibarət dəqiq bucaqlı təbii dəri elementlərindən ibarət olub, daxili tərəfdən bir-birinə tikilir. 1960-cı ilə qədər bu təbii dəri üzlüklü toplar daha geniş surətdə tətbiq olunurdu. 1960-cı ildən tədricən təbii dəri süni materialla əvəz olunmağa başladı. Bunun da səbəbi təbii dərinin oyun zamanı xüsusən yağışlı və nəm havadan islanaraq, xeyli çəkisini artırmasına səbəb olması idi. 1980-cı ildən isə Futbol Topu üzlüyü tam olaraq, süni materialla əvəz olunub.
Üzlük
Deyildiyi kimi son dövrdə üzlük sintetik materiallardan hazırlanır ki, bunun üçün də əsasən poliuretan (PU) və polivinilxlorid (PVC) tərkibində istifadə olunur. İndi istifadə olunan Futbol Topları əsasən 32 suda islanmayan hissədən və göstərilən materialdan hazırlanır ki, bu hissələrdən 12-si dəqiq beşbucaqlı, 20-si isə dəqiq altıbucaqlı hissədən ibarət olur. Həmin bu hissələr bir-birinə sintetik sapla tikilir. Bu ya əllə ya da xüsusi tikiş maşını vasitəsi ilə həyata keçirilir. Müasir texnoloji üsulla yapışqan vasitəsi ilə də yapışdırıla bilər.
Kəsilmiş bu çoxbucaqlı elementlərin bir-birin daxildən tikilməsi nəticəsində kürəyə çox yaxın formalı həndəsi fiqur-ikosaedr əmələ gəlir ki, bunun da içərisində olan rezin kamer lazımi hava təzyiqi ilə doldurulduqda, qabarmış bu ikosaedr demək olar ki, tam kürə formasını alır.
Top-ikosaedr
İlk belə top 1950-ci ildə Danimarkada “Selekt” firması tərəfindən hazırlanmış və avropada geniş istifadə olunmuşdur. Dünyada belə topların yayılması isə 1970-ci il Dünya Çempionatından sonrakı mərhələyə təsadüf edib ki, artıq məşhur idman malları istehsalçısı olan “Adidas” firması da belə topların istehsalına başlayıb.
Yuxarıda bəhs etdiyimiz 32 hissədən ibarət ikosaedr formalı toplardan əvvəl indiki voleybol toplarına bənzər və 18 uzun zolaqdan ibarət və ağzı iplə tikilən toplar istehsal olunurdu.
2004-cü ildə “Adidas” firması Avropa Çempionatının keçirilməsi ilə əlaqədar olaraq, “Roteiro” adlı top istehsal etdi və bu AÇ-2004-ün rəsmi topu kimi qəbul olundu. “Roteiro” topları artıq əvvəlkilərdən yeni texnoloji prinsipcə də fərqlənirdi ki, bu topun elementləri artıq bir-birinə iplə tikili olmayıb, termal (istilikdən ərimə) üsulu ilə yapışdırılırdı. 2006-cı ilin dünya çempionatının final mərhələsində isə “Teamgeist” adlı toplarla oynanmışdı.
1970-ci ildən ilk olaraq “Adidas” firması ənənəvi 32 hissıni, 14 panel ilə əvəz etdi ki, bu panellər (hissələr) bir-birinə termal üsulla calaq edilmişdi. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən Dünya Çempionatında isə yenə “Adidas” firmasına məxsus “Jabulani” toplarından istifadə edilmişdi ki, bullar da səkkiz panelin bir-birinə termal üsulla bərkidilməsi əsasında hazırlanmışdı.
Yuxarıda Futbol Topunun üzlük hissəsindən bəhs etdik. Budan başqa Futbol Topunun daha iki hissəsi vardır ki, bunlardan biri rezin kamer və üzlüklə kamerin arasındakı toxunma səth sərhədini təşkil edən Üzlükaltı (aralıq) hissələrdir.
Kamer (rezin balon)
Kamer ya sintetik birləşmə olan butildən ya da təbii lateksdən, bəzi hallarda isə poliuretan birləşməsindən hazırlanır. Lateks sintetik materiallara nisbətən hava təzyiqini uzun müddət saxlaya bilməsə də digər üç parametr keyfiyyətləri olan yumşaqlıq, elastikliksıçrama effektinə görə hələki əvəzedilməzliyini qoruyur.
Üzlükaltı (aralıq)
Futbol Topunun üzlük hissəsi ilə kamerin arasında yerləşir. Futbol Topunun keyfiyyəti aralıq hissənin qalınlığından birbaşa asılı olur. Bu keyfiyyət topa, dəqiq formanın alınmasında və onun sıçramasında böyük önəm verir. Aralıq hissənin materialı kimi ya sintetik poliest ya da preslənmiş pambıq tətbiq olunur. Müasir professional Futbol Toplarında dörd və daha çox qatlı aralıq elementindən istifadə olunur.
Onu da qeyd edək ki, həyəcanını yaşadığımız dünya çempionatı Braziliya-2014-ün rəsmi topunu da məşhur “Adidas” firması hazırlayıb. Bu top, çempionatın keçirildiyi Braziliyanın şərəfinə “Brazuka” adını alıb.
Top_Brazuka

Müasir Futbol Toplarının hazırlanma texnologiyası ilə aşağıdakı videoçarxda tanış ola bilərsiniz.

1 thought on “Futbolun “17 ana qayda”sında II qayda: Top (Video)”

  1. Muasir texnoloğiya ilə hazirlanan toplarin bir neçə proseduradan keçdiyini göruruk.İllər ötdukcə bu toplarin hazirlanmasinda yeni dəyişiliklər rənğində və formasinda tətbiq edilir.”Adidas” firmasinin toplari daha keyfiyyətli sayilirdi.Bu toplarda hava ilə doldurulmada standart həyata keçirilir.(videoda olduğu kimi).Hakimlər meydanda bəzən topu dəyişir.Topda havanin sixliği çox olanda daş kimi olur.Belə topa zərbə vurmaq və başla qaytarmaq çətin olur.Hakim əli ilə bu topun qaydada olmasini necə bilir–bax bu maraqlidir.Yəqin rezin kamer bölumundə bu barədə məlumat əldə etmiş olariq.
    Muəllim! Çox sağ olun.Bu videonu izlədim.Ən azi topun hazirlanma prosesini görə bildim.Təşəkkurlər!
    *****
    Buyurun, Zəfər bəy!

Comments are closed.