Etibar Cəbrayıloğlu: Yerləri dəyişməyə tələsməyək

PFL-in yanındayam.
Söhbət gözəl və maraqlı çempionatımızı keçirən təşkilatın Nobel qardaşları prospektindəki ofisinə tez-tez baş çəkməyimdən getmir. Məsələ tamam başqa cürdür.
PFL mili Premyer Liqamızın oyunlarını iş günlərinin şıdırığı vaxtına salmaqla lap düz edir. Bizim azarkeşlərə hələ bu da azdı. Əlimdə möhürdən-filandan olsa, matçları sübh tezdən, məsələn səhər 4.30-a təyin edərəm ki, stadiona ümumiyyətlə, gəlib-gedən olmasın. Qızılla gümüşü yaxşı seçə bilməsəm də, azarkeşləri necə lazımdı tanıyıram. İmkan verən olsa, günün 24 saatını elə hay-küy salarlar.
Kino və estrada ulduzlarını da keçiblər, qəzetlərə, saytlara açıqlama verməkdən yorulmurlar. Biri deyir filan stadionda şərait bizi qane eləmir, digəri klub rəsmilərindən xizək tələb edir, deyir ki, fan-klub üzvlərinin xasiyyəti tünddür, onların hər birinə xizək paylamasanız oyunlara gedən deyilik. Başqa bir azarkeş polisdən şikayətlənir. Guya stadiondakı polis serjantı onu qışqırmağa qoymayıb, deyib ki, səsin başıma düşür, səs-küy salma. Birincisi, burada inciməli nə var ki? Serjant deyir qışqırma, qışqırma da. İkincisi də polisin başı ağrıya bilməz bəyəm? Bir sözə görə mətbuatı ayağa qaldırmağa, açıqlama verməyə nə ehtiyac?
Çempionat ərzində azarkeşlərin əlindən bezar olduq, canımızı boğazımıza yığdılar. Az qala hər oyundan sonra hansısa fan-klub mediaya hay salırdı, aləmi bir-birinə vururdu. Guya oyun bitəndən sonra polis azarkeşlərdən kimisə bölməyə aparıb, nə bilim, kimisə 10-15 sutka həbs edib. Bütün bu səs-küyü eşidəndən sonra PFL-i tam dəstəkləyirəm, elə oyunları iş günlərinə salmaqla lap yaxşı edir. 17-18 fanatın əlindən boğaza yığılırıq, çox olsalar görün başımıza nələr gələr. Tutulmaqları, döyülməkləri bir yana qalsın, gül kimi Premyer Liiqamıza da göz vurdular, nəzərə gətirdilər. O qədər dedilər, bu da axırı…
Əvvəllər hər oyundan sonra bir-iki azarkeş 10-15 sutkanı bölmədə keçirməli olurdu. Lap uzaqbaşı kimsə 1-2 il azadlıqdan məhrum olurdu, qurtarıb gedirdi. Lakin indi vəziyyət dəyişib, özü də çox. Artıq fanatları yox, klubların sponsorlarını, yüksək vəzifə tutan kadrlarını polisə çağırırlar. Sonra da başlayır istintaq, ifadə almaq və bunun kimi digər zəruri tədbirlər.
Elə ona görə də son turlarda milli Premyer Liqamızın olan-qalan dadı-duzu da qaçdı. Yəqin istintaqa çağırılan klub rəsmiləri dadı-duzu da oralara apardılar. Bu mövsümü birtəhər yola verdik getdi, görən yeni futbol sezonu necə olacaq? Düz-əməlli fəaliyyət göstərən klub qalacaq, yoxsa…
Deyirəm bəlkə yerləri dəyişməyə hələ tələsməyək. Əvvəlki kimi azarkeşləri polisə aparaq, klub sponsorları, rəhbərləri ilə işimiz olmasın. Yoxsa klublar bir-bir əldən gedər, futbolsuz qalarıq. Futbol olmayandan sonra fanatlar kimə lazımdı? PFL haqlıdı, azarkeş olmasa da keçinərik, əsas futboldu.
Düz demirəm?
Mənbə: “Het-trik news” qəzeti

1 thought on “Etibar Cəbrayıloğlu: Yerləri dəyişməyə tələsməyək”

  1. Salam Mirhafiz müəllim. Yazı olduqca düşündürücü və bugünümüzün reallığıdır desəm, yanılmaram.İllərlə ölkə futbol təsərrüfatına rəhbərlik edənlərin apardığı eksperimentlərin yekunudur, bu başverənlər. Azarkeşi stadionlardan iyrəndirən və futbolumuzu azarkeşsiz duruma salan bu başbilənlər,indi növbəti çempionatda iştirak etmək üçün klub və sponsor tapmaqdan ötəri baş sındırmaqdadırlar. Ağız dolusu dedikləri “futbol azarkeşlər üçündür” məntiqinə zidd, bu gün ölkə çempionu çempionluğunu azarkeşsiz şəraitində qeyd edir. Məncə bu gedişlə ölkə futbolunun sabahı sual altındadır.
    *****
    Salam, Qabil bəy! Futbolumuzun nəinki sabahı, elə bugünü də çıxılmaz vəziyyətdədir.

Comments are closed.