Etibar Cəbrayıloğlu: Yaşın fərqi çoxdur

“Neftçi” ilə düşmənçiliyin varsa onda niyə klubun avtobusuna benzin doldurursan?
Boykot elə, qoy çənə su doldursunlar. Yoxsa ki… Bir yandan deyirlər “Neftçi” bizim əzəli və əbədi rəqibimizdi, bir yanda da klubun maşınları bütün günü yanacaqdoldurma məntəqələrində sıraya durur. Gəl bundan sonra  “Xəzər Lənkəran”ın rəhbərliyini anla görüm necə anlayırsan.
İndi də başlayıblar əzəli rəqibin düşərgəsində “lipa” axtarmağa. Doğma qardaşım da daxil olmaqla “ağ-yaşıllar”ın təmsilçiləri “Neftçi”yə qarşı növbəti dəfə hücuma keçib. Guya U-13 çempionatının finalında “Neftçi” və “Xəzər Lənkəran” arasında keçən final qarşılaşmasında paytaxt klubunun heyətində saxtakarlıq edilib. Narazı tərəf bunu əyani sübut etmək üçün rəsmi saytında final oyundan şəkillər də yerləşdirib. Yəni maraqlanmaq istəyən baxıb qiymət versin.
“Xəzər Lənkəran” rəhbərliyinin bu qədər sadəlövh olduğunu güman etmirdim. Gör nəyə ümid edirlər. İlin-günün bu vaxtında sıravi camaat, azarkeşlər Topaz premyer-liqasının heç U-31 yarışı ilə maraqlanmır, kimdir U-13 çempionatına diqqət ayıran?
İkincisi də, adam yaşa görə, nə bilim böyük-kiçik məsələsi üstündə hay-küy salmaz. Yaşın fərqi çox olsa belə. Rəqabətin, lap elə düşmənçiliyin də bir səddi, sərhədi olmalıdır. Yaxşı bilirəm ki, “Neftçi” tərəfi bu düşmənçiliyin əleyhinədi. Kubokun finalında əsas komandaların arasındakı məsələ nə tez yadınızdan çıxıb? O zaman “Neftçi”nin rəsmilərindən biri “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadəni öldürmədi, sadəcə yaralandı, vəssalam. Yəni yaş fərqi çox olduğundan müdrik addım atdı. Bir müddət sonra da özü barışıq elan elədi, dedi ki, əbədi düşmənçilik olmur.
Paytaxt kubunun yeni rəhbərliyi də cənub təmsilçiləri ilə düşmənçilik etmək fikrində deyil, yüzdə-yüz əminəm. “Neftçi”nin Müşahidə Şurasına başçılıq edən Xalq yazıçısı Çingiz Abdullayev “Xəzər Lənkəran”ın muzeyindəki fəxri qonaqlar kitabına kirilcə xoş sözlər də köçürüb.
Bütün bu xoş jestlərə rəğmən, “Xəzər Lənkəran” tərəfi düşmənçilikdən əl götürmür. Axı bir neçə gün öncə Bayılda baş verənləri bunca şişirtməyə nə ehtiyac? Hər bir addımı atmazdan öncə dərindən fikirləşmək daha yaxşı olmazmı?
Lap tutaq ki, siz çərdəymiş “lipa” məsələsini qabartdınız, finalda “Neftçi”inin U-13 komandasının heyətində meydana çıxan insanların şəkillərini sosial şəbəkələrdə yaydınız. Bu problemin sosial tərəfini qoyaq bir tərəfə, bəs siyasi və geosiyasi tərəfi necə olsun?

Qardaşım və dostlarım deyəcəklər ki, a kişi, “lipa”nın siyasətə və geosiyasi məsələyə nə dəxli var? Mən deyim ki, var, siz də baxın. Burda çox incə bir detala diqqət etmək lazım. Bayılda keçirilən final oyunu ilə bağlı hay-küylü yazılarınız və şəkilləriniz rəsmi orqanların diqqətini çəkə bilər. Həmin qurumlardan biri “Neftçi”nin U-13 komandasında top qovan uşaqları bu gün-sabah hərbi xidmətə çağıra bilər. Şəkildə gördüyümüz uşaqlar da cəbhə bölgəsindəki hərbi hisslərdən birinə düşə bilər. Erməni köpəyuşaqları da hay-küy sala bilər. Bu işin əsl ustaları olan ermənilərin əlində məsələ su içmək kimi asandır. Düşmən tərəfi deyəcək ki, indi də Azərbaycan az qala 20-25 yaşlı cavanları üstümüzə göndərir. ATƏT-də bu məsələdən əsəbiləşə bilər. Hay-küy böyüyəndən sonra di gəl ATƏT-in Minsk, Brest, Mogilyov qrupu qarşısında duruş gətir. Hələ mən BMT-ni demirəm. Bu yekəlikdə hay-küy sizə çoxmu lazımdı?

Balacaların yerinə yaşca böyük uşaqların “Neftçi” formasını geyinməyini çox da böyütməyin. Düşmənçilikdən bir şey çıxmaz, barışıq ən yaxşı yoldu. Yaş fərqinin çox böyük olması çox böyük problemlər yaradır. Boş verin getsin…
Mənbə: Avrofutbol.com (-un köşəsi)

2 thoughts on “Etibar Cəbrayıloğlu: Yaşın fərqi çoxdur”

  1. Axşamınız xeyir, Müəllim. Doğurdan da hörmətli Etibar bəyin yazılarının əksəryyəti gülməli alınır, özü də kinayə qarışıq gülməli. Bir növ SARKAZM tipli gülüş növünə bənzəyir, bu gülüş.
    *****
    Salam, Qabil bəy! Düz qeyd edirsiz və mən də onu əlavə edim ki, Etibar bəy həm əqidə və həm də istedadına görə bu gün ölkəmizdə az-az rast gəlinən bir yazardır.

Comments are closed.