Buradasınız Əsas » Xəbər » Etibar Cəbrayıloğlu: İcazə ver, əvəzinə…
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: İcazə ver, əvəzinə… 

Etibar Cebrayiloglu-teze

Yayda dəniz kənarına getməyin ayrı bir ləzzəti var.

Ötən bazar hələ bölünüb qurtarmayan, tam çəpərlənməyən Xəzərin bir addımlığındakı “Kapital Arena”ya gedənlər bu kefdən məhrum oldular.

Sarı köynəkli bir adam həm “Sumqayıt”ın, həm də “Xəzər Lənkəran”ın azarkeşlərini bu istidə stadiona gəlməyə peşman elədi. Əslində havadan başqa hər şey futbolun xeyrinə idi, tamaşaçılarla dolu tribunlar, hər addımda top üçün vuruşan gənc futbolçular, sürətli oyun, qol epizodları. Aqil Məmmədova və Yunis Hüseynova, onların inanıb meydana buraxdığı gənclərə necə təşəkkür etməyəsən? Sarı köynəkli bir referi belə gözəl tablonu zay elədi.

Dünya və Avropa səviyyəli oyunlara sonuncu dəfə 2001-ci ilin yanvarında baxdığı hiss olunan baş hakim Elvin Əsgərovun milli futbolumuza verdiyi hələlik sonuncu töhfə barədə çox yazmaq fikrindən uzağam. Hər şey Ay kimi, Gün kimi, lap elə Aygün Kazımova kimi aydındı. CBC kanalında çalışan peşəkarların çəkilişi geniş izahata əl yeri qoymur.

Elvin Əsgərovu Sumqayıta göndərən müəllimlərin də nə deyəcəyi lap öncədən məlumdu. Lütfən, söhbəti çox uzatmayın, mən də bilirəm, Yunanıstanda iqtisadi böhrandı, PKK o boyda Türkiyəni barmağına dolayıb, Ronaldonun bacısı musiqi yarışmasına hazırlaşır, ermənilər acından günortadan tez durmur, Sinqapurda təyyarə yoxa çıxıb, Rəqsanənin qızına bişirilən torta şəkər tozu vurublar, Ledi Qaqa heç nə geyinmək istəmir. Və ən nəhayət, hakim də insandı, səhv edə bilər.

Ay AFFA-dakılar, ay PFL-dəkilər, Elvin Əsgərov insandı, bəs dünyanın bu kəllə-mayallaq vaxtında klubları yaşada bilmək üçün milyonlar xərcləyən rəhbərlər, futbola canlı baxıb ləzzət almaq ümidi ilə kilometrlərlə yol qət edən, hətta yer olmadığından stadionunun kənarında ayaq üstə qalmağa razı olan azarkeşlər insan deyil?

Ay referilərin qulağına nəsə pıçıldayıb stadionlara göndərənlər, mən neçə il 37 nömrəli marşrutda kassir köməkçisi işləmişəm, lakin bilirəm ki, oyun zamanı hücum edən tərəfə qarşı qayda pozulubsa, amma top həmin komandanın futbolçusundadırsa, fit çalıb gül kimi zadın içinə bir dənə də zad eləməyin yeri yoxdu. Sizin Elvin Əsgərov bu sadədən də sadə qaydanı bilmirmi?

Mən neçə il şəhərdəki fəvvarələrə verilən suyun təzyiqini ölçən vəzifəsini icra etmişəm, amma bilirəm ki, top qapıçıya dəyib meydandan çıxanda künc zərbəsi təyin etmək lazımdı. Elvin Əsgərov bunu bilmirmi? Əgər bilirsə, bəs niyə tamam fərqli qərarlar verir? Yox əgər bilmirsə, “Sumqayıt”- “Xəzər Lənkəran” qarşılaşmasına görə aldığı rəsmi qonorardan bir hissəni mənə versin ona bu işləri öyrədim. Qonorarı xərcləməyin ayrı bir ləzzəti var…

Ötən bazar baş hakim Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadasına görə neçə min azarkeşin dəniz kənarında xəcalətdən ət tökdüyünün canlı şahidiyəm. Xəcalət demişkən…

İstedadlı şairimiz, mərhum Tofiq Bayramla çox ərkyana münasibətləri olan dostlarımdan biri mənə maraqlı əhvalat danışıb. Yazım ki, nəfəs kəsən istinin yaratdığı yorğunluq hamımızın canından çıxsın.

Görkəmli və çox titullu şairlərimizdən biri vəfat edəndə rəhmətlik Tofiq Bayram bir şeir yazıb və dostuma deyib ki, gedirəm bu şeiri mərhumun Fəxri Xiyabanda keçirilən dəfn mərasimində oxumağa. Lakin sovet dövrünün qaydalarına görə Tofiq Bayramın yazdığı həmin şeiri nə dəfn mərasimində oxumaq mümkün olub, nə də qəzetlərdə çap etdirmək.

Həmin şeirdən bəzi misralar yadımda qalıb:

İcazə ver, əvəzinə xəcalətdən töküm ət.

Şeirini xalq basdıracaq, özünüsə hökumət.

Tofiq Bayramın sözü olmasın, ay AFFA-dakılar, ay PFL-dəkilər, Elvin Əsgərov kimi hakimlərinizə görə icazə verin, əvəzinizə xəcalətdən ət tökək…

 

Mənbə: “Het-trik news” qəzeti

Şərh yazıya: Etibar Cəbrayıloğlu: İcazə ver, əvəzinə…

  1. Qabil

    Axşamınız xeyir,Mirhafiz müəllim. Ölkənin futbol təsərrüfatında ən ağrılı yerlərdən biri də hakim idarəçiliyidir. Artıq iki tur arxada qalıb, amma komandamızın təkcə “Sumqayıt”la səfər oyununda referi Elvin Əsgərov aZı üç oyuna bəs edən qədər səhvlərə yol verdi. Maraqlısı odur ki, HK-nin sədri yenə özünün ənənəvi ampulasındadır və yetirmələrinin etdiyi kobud səhvləri malalamaqla məşğuldur…
    *****
    Salam, Qabil bəy! Düzü bu məsələ sovet dövründən miras qalıb. Bunu siz də çox yaxşı xatırlayarsız. Sovetin yaxşı cəhətləri də var idi. Amma nə pis cəhətləri var idisə, indi lap kələ-kötürcəsinə tətbiq edilir. Futbolda da həmçinin.

     

Şərh əlavə et


beş + = 9