Buradasınız Əsas » Xəbər » Etibar Cəbrayıloğlu: Bu yazıq italiyalılar…
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Bu yazıq italiyalılar… 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

Mən indidən özümü Fransada hiss edirəm. Ah, Paris, Paris… Sena çayının sahilində gəzişib əsrarəngiz mənzərəyə baxıram. Suların yaratdığı təbii musiqiyə nə çatar? Vensen meşələri ruhumu oxşayır. Notr-Dam de Pari kilsəsi mənə elə doğma gəlir ki… Bəs o piramidalı gözəl- Luvr muzeyi. Mona Liza, Miloslu Venera ilə üzbəüz qalmışam. Fransız xalqına qarışıb kef edirəm, ətrafda görünən turistlərə yuxarıdan aşağı baxıram. Bəs necə? Onların ölkəsində heç Berti Foqts varmı?

Fransada hələ iki il sonra keçiriləcək futbol üzrə Avropa Çempionatının püşkü atılandan Parisin gəzmədiyim məhəlləsi, küçəsi qalmayıb. Onsuz da Berti Foqts millimizi buralara qədər gətirəcək, qoy indidən ayağımız Paris küçələrini tapdalasın. Sözün açığı, Avropa Çempionatı günlərində millimizin qalacağı oteli də gözaltı eləmişəm. Lakin hələ adını deyib rəqiblərimizi duyuq salmaq istəmirəm.

AFFA-da babat bir vəzifəm, çoxdüyməli telefonum olsaydı tapşırardım ki, Fransaya getmək üçün elə indidən millimizin oyunçularına ezamiyyə pulu ödənsin. Bir yeşik pul da alman məşqçisinə göndərərdim. Ayda kisə ilə maaş alan Foqtsun ezamiyyə pulu da yəqin elə yeşiklə olar.

Fransada biz də oynamayaq bəs kim oynasın? Püşkdən çıxan qrup rəqiblərimizin adı sizə nəsə deməlidi axı. Başlayaq Maltadan. Cırtdanlara bəri başdan bir quş. İndi dünyada ara qarışıb, məzhəb itib. Daha Cırtdan, yaxma çörək, oduna getmək, xəlbirlə su daşımaq zamanı deyil. Nə isə, Maltanın işi məlumdu. 6 xal artıq cibimizdədi. Bəzi futbol başbilənlərimizin sözü olmasın, hələ müəyyən məsələləri öncədən həll edib iki oyundan 7 xal da yığmaq olar.

Bolqarıstanı mən heç rəqib saymıram. Sovetlərin şinelindən çıxandan sonra lüt-üryan qalıblar. İqtisadi böhran bolqarları o günə qoyub ki, acından heç günorta da dura bilmirlər. “Sofiya elektrikşəbəkə”də çalışan dostumun dediyinə görə, Bolqarıstan millisinin baş məşqçisi Penevin 174 dollar işıq pulu borcu var. Bu adam işıq pulunu ödəyə bilmir, Foqtsun oyunçularına qarşı taktikanı necə quracaq?

Norveçi ciddi rəqib sayırsız, əfəndilər? Bu uzaq, lap uzaq ölkədə yaşayan insanlar gün çıxanda sevinirlər. Soyuqdan əl-ayaqları donub, onlar necə futbol oynayacaqlar? Hokkey yarışı olsaydı onlardan çəkinməyə dəyərdi.

Xorvatiya… Adı heç xoşuma gəlmir, birtəhər səslənir e… Ölkənin adı olar Hollandiya, Yeni Zelandiya, uzaqbaşı da Finlandiya. Millimiz Xorvatiyanı gözüyumulu məğlub edə bilər. Bilirsiz, nəyin hesabına? Vətənpərvərliyin. Bəli, bəli. Xorvatiyada ayağı babat top tutan futbolçu qaçıb gedir xarici ölkələrə. Belələrindən soruşmaq lazımdı ki, əgər sən Vətənini sevirsənsə, niyə xaricdə legioner həyatı yaşayırsan? Bizim futbolçular türklər demiş, adam kimi adamdılar. Futbolçularımızdan bircəciyi də xaricdə oynamır, yad ölkənin suyunu içib, onun havasını udmur. Bir Ruslan Abışovdu, onu da kəşfiyyata göndərmişik. Yaxşı futbolçu ölkəsində oynamalıdı, evinin içində pul qazanmalıdı. Dahi rus şairi, diplomatı Aleksandr Qriboyedov nahaq yerə deməyib ki, Vətənin tüstüsü də şirindi. Tutaq ki, Luka Modriçin bibisi xəstələndi. Sizcə o, “Real”dakı məşqi qoyub Zaqrebə qayıdar, küçə-küçə gəzib aptek axtarar?

Hə, gəlib çatdıq İtaliyaya. Bu yazıq italiyalılar, əlimizdən nələr çəkəcəklər… Futbolun canlı əfsanələrindən sayılan Buffon bu qoca vaxtında işə düşəcək də. Qapıdan top çıxarmaqdan yorulacaq. Baş məşqçi Prandelli infarkt keçirməsə yaxşıdı. Eybi yox, Foqts bu neçə ildə bizi xəstəliyə salıb, qoy bir dəfə də Prandelli yolunu xəstəxanadan keçsin. Yazıq italiyalılar Bakıya çatınca günləri qara olacaq.

Qrupdan çıxmışıq e… Ona görə də indidən özümü Fransada hiss edirəm. Parisin küçələri mənə dar gəlir. Milyonları Parisə gəlməyə məcbur edən uzun ayaqlı gözəlçənin- Eyfelin qarşısındayam. Millimizin futbolçuları Avropa Çempionatının final mərhələsində oyundan öncə qülləni gəzməyə gəliblər. Berti Foqts çıxarıb onları qüllənin başına, bütün Fransaya yuxarıdan aşağı baxırlar. Mahir Şükürovu uzaqdan görürəm, fransızlara barmağını göstərir…

Mənbə: “Het-trik news” qəzeti

6 Şərh yazıya: Etibar Cəbrayıloğlu: Bu yazıq italiyalılar…

  1. Zəfər Lerikli

    Baş katibin yuxusu!

    Dunya cempianatin final puşku atildi.Hami səbirsizliklə bu ani gözləyirdi.Hami deyəndə ki ,futbola elə mənim kimi az-cox maraqlananlari nəzərdə tuturam.Azərbaycan yiğma kamandamizin rəqibləri muəyyən olundu….
    Azarkeşlərimiz bu kamandalarin adini eşitməklə özu-özluyundə təhlilər aparmağa başladilar.Məndə bir analiz etmək istəyirdim ki …elə bu məqamda televiziyada idman xəbərləri barədə anons getdi.Efirə baş katib cixdi.
    Baş katib demişkən…vallah bu kəlmə məni caşdirir.(haşiyə)Katiblərin birinci ,ikinci, ucuncu deyə qruplaşdiğini eşitmişdim. Yəni birinci katib!, ikinci katib! ,ucuncu katib və s.Amma bu dəfə baş katib idi.Cənab E.Məmmədov!

    Gəlin baş katibi dinləyək: Bilirsiniz puşk uzumuzə gulmədi.Bizə guclu kamandalar rəqib oldular.İtaliya nəhənginin dunyada adi elə kifayət edir ki ,biz uduzmuşuq.Axi onlar dunya cempionu olublar. (Buna bir quş)
    Xorvatiya kamandasini siz avropada izləmisiniz.Qrupumuzda İtaliya favaritdirsə, xorvatlar ikinci yeri təmin ediblər.(bunada bir quş)
    Bolqaristan və Malta qalir.Bolqarlar həmişə yaxşi oynayiblar və yəqin pley of ucun mubarizə apararlar.Malta ilə oyunlarimiz olacaq və bəxt kimə gulsə qalib gələcək.(bunada iki quş)

    İ..i.i.ii…onuda deyim ki ,biz Foqtsa demişik.Ucuncu yeri bizə təmin etsin.Kamandamizin rəqibləri guclu olsada Maltani udsun və pleyoff yarişlarinda nəticə qazansin.Oda kişi kimi söz verib axi!

    Bəli baş katib bizi dunyada görur.Cunki dunya nəhəngi Foqts bunlarin əlindədir axi.Niyədə olmasin!.

    Qayidim əsas məsələyə!-O vaxtlar “Komunnist” qəzeti cixardi.Orda “iri” və “xirda” başlardan yazilar gedərdi.Hec vaxt “baş”-lardan söhbət olmazdi.Görəsən bu baş doğrudan “kəllə”-dir?

     
  2. Qabil

    Əslində Mahir yerli oyunçular arasında ən əxlaqsız və tərbiyəsiz futbolçudur.O bu imici özü üçün artıq formalaşdırıb.Onun tərbiyəsizliyi nə ilk dəfədir nə də son dəfə. Məncə,Mahirin öz ölkəsinin azarkeşinə qarşı etdiyi əxlaqsız hərəkətə görə ölkə futbolunu ölkə xaricində təmsil etməyə haqqı yoxdur.
    *****
    Qabil bəy, sizin incələmənizdən həm də belə çıxır ki, ölkə azarkeşlərinə edilən “tərbiyəsiz jest”ə görə heç daxili çempionatda da oynamağa haqqı yoxdur. Bu fikirlərlə mən də sizinlə həmfikir oluram. Bəs nə çarə? Ya karyerasını bitirməli, ya da çıxıb ictimaiyyətdən üzr istəməlidir ki, gələcəkdə söyüşlə xatırlanmasın!

     
  3. Qabil

    Müəllim, tamamiylə doğru fikirdir. Əgər Mahir Qəbələdə, Lənkəranda, Zaqatalada etdiyi tərbiyəsizliyə görə söyülürsə, deməli ibnə onun özündədir. Nəzərə alsaq ki,bir vaxtlar Mahir həm “Xəzər Lənkəran”ın həm də “Qəbələ”nin formasını geyib. İlk növbədə Lənkəran və Qəbələ azarkeşlərinə hörmətlə yanaşmalıydı. Doktor, bir məqamı xüsusi qeyd etmək istəyirəm. Hazırda Premyer Liqada çıxış edən elə bir klub yoxdur ki, orada vaxtiylə “Xəzər Lənkəran”ın formasını geyən futbolçu olmasın. Amma indiyə kimi Lənkəranda onların heç biri söyülməyib. Odur ki, Sizin də qeyd etdiyiniz kimi bütün bunlara son qoymaq üçün Mahirin iki yolu qalır. Ya rəsmi qaydada azarkeşlərdən üzr istəsin, ya da karyerasına son qoyub futboldan getsin. Mənimsə fikrim belədir, Mahir o əqidə sahibi deyil ki, özündə cürət tapıb bu iki yoldan birini seçsin.
    *****
    Qabil bəy, səhv etmirəmsə, bir dəfə Mahir Şükürov Lənkəran stadionunda söyüşə məruz qalmışdı. Söyüşün cavabında o demişdi ki, “Mənsə, məni söyənlərin analarının önündə baş əyirəm”. Bunu mətbuata demişdi və böyük centlmenlik etmişdi. Məncə o, yenə özündə güc tapıb, bunu edə bilər. Amma bir məsələ də var ki, ondan sonra daha azarkeşləri qıcıqlandırıcı hərəkətlərə yol verməsin və məsələ bununla da bitsin. Bu mənim yadımda belə qalıb. Siz və digər oxucularımız da yaddaşlarıınıza müraciət edin, görək mən fikrimdə yanılmıram ki? Qoy məsələyə ədalətlə yanaşaq. Çünki, bu biz “Xəzər Lənkəran” azarkeşlərinin əsas yanaşma prinsipidir!

     
    • R.S.

      Mirhafiz bəy bu siz tərəfdən müdrik bir fikirdir.
      Mən isə bir məsələi yada salmaq istəyirəm .– Su axıb çuxurun tapar .–deyib atalarımız Bu məsəlin, Mahirə böyük aidiyyatı var fikrimi əsaslandıra bilərəm .çox uzun -uzadı da yazmaq istəmirəm .amma bir çümlə ilə kifayət edər .Mahirin neçə kulub gəzib .axırı gəlb hansı kulubda möhkəmlənib? .onun üçün “münbit” şəraiti olan kulubda . Kulbda nə kulub qoçular məktəbi .məncə hər şey aydındır.
      *****
      Atalar misalı ilə razıyam. Bir də onu deyim ki, o çuxurda çox sular olub. Gün çıxan kimi isə buxarlanıb gediblər, heç izi-tozları belə qamayıb. Amma çuxurdan kim hansı ağacın dibinə su veriblərsə, onlar hələ də yaşayır və yaşayacaqlar. Biri indi də məşqçilərimizdəndir.

       
  4. Qabil

    Dedikləriniz tamamiylə doğrudur. Bəli, Tərlan Əhmədovun baş məşqçiliyi dövründə Mahir Lənkəranda etdiyi hərəkətə görə söyüldü. Sabahısı mətbuatdan oxuduq ki, Mahir azarkeşlərimizdən üzr istəyib. Amma Bakıda, Cənublu azarkeşin olmadığı oyunda vurulan qollardan sonra komandamızın oyunçularına tərəf etdiyi əxlaqsız jesti onun Lənkərandakı üzrxahlığını kölgədə qoydu və növbətidəfə dəfə yenə Lənkəranda ikiqat söyülməsinə səmin yaratdı.
    *****
    Bütün bunlardan dərs götürənə əfv düşür, götürməyənə isə elə…

     
  5. Qabil

    Salam, Mirhafiz müəllim! Məncə bu məlumat Sizin üçün də maraqlı olar.
    Yığma komandanın baş məşqçisi Berti Foqts Mahir Şükürovu “Xəzər Lənkəran”la oyundakı tərbiyəsiz hərəkətinə görə milliyə çağırmadığını bildirib.
    “Sportarena.az” xəbər verir ki, almaniyalı çalışdırıcı məsələ ilə bağlı bunları deyib: “Mahir öz jestindən sonra millidə toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O azarkeşlər üçün oynadığını anlamalıdır. Azarkeşlərə belə münasibət göstərmək olmaz” deyə Berti Foqts bildirib.
    *****
    Doğrudan da maraqlıdır.

     

Şərh əlavə et


3 − = sıfır