Etame Mbilla: Bundan sonra da belə olacaq

Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”nin qonağı olan “Xəzər Lənkəran” 3:2 hesablı əzmkar qələbə qazandı. Cənub təmsilçisinin heyətində dubl edən Etame Mbilla oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
– Qazandığınız çətin qələbə barədə düşüncələrini bilmək maraqlı olardı…
– Gördüyünüz kimi, çətin qarşılaşma oldu. “Qəbələ”nin güclü rəqib olduğunu bilirdik. Turnir cədvəlində liderlər qrupunda məskunlaşıblar. Üstəlik, matçın gedişində hesabda geri düşdük. Fasilədə baş məşqçi bizə ruhdan düşməməyi söylədi. O, futbolçuları ikinci hissəyə daha yaxşı motivasiya etdi. Eyni zamanda, heyətdə də dəyişiklik etdi. Taktiki yerdəyişmələr də öz bəhrəsini verdi və yekunda 3 xal qazandıq.
– Matçın taleyini həll edən qolların müəllifi oldunuz. Fasiləyə yenik durumda yollanarkən, oyunu xeyrinizə çevirəcəyinizə inanırdınızmı?
– Düzdür, iki qol vurdum. Ancaq biz komanda oyunu oynayırıq. Vacib olan formasını daşıdığın komandanın uğur qazanmasına yardım etməkdir. Bunu bacardığıma görə, şadam. Bunu Allahın köməkliyi ilə etdim. Hesabda geri düşərkən, ümidsizliyə qapılmamışdıq. Ötən tur “Neftçi” ilə qarşılaşmada da analoji halla üzləşdik. Ancaq sonda meydanı xalla tərk etdik.
– İkinci yarı başladıqdan sonra sanki “Xəzər Lənkəran” əvvəlki ruhunu geri qaytarıb. “Qarabağ”ı və “Qəbələ”ni məğlub etdiniz, “Neftçi” ilə bərabərə qaldınız. Bu cür çıxışı gözləyirdinizmi?
– Fasilədən yaxşı istifadə etdik. Antalyada çox çalışdıq. İndi isə bunun bəhrəsini görürük. Bundan sonra da belə olacaq. Sonda isə Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.
– Son 3 həftədə ilk “üçlük”də yer alan komandalarla qarşılaşdınız. Çətin oyun qrafikindən 7 xal topladınız. Bu nəticədən məmnunsunuzmu?
– Düzdür, liderlər qrupunda yer alan komandalarla qarşılaşdıq. Ancaq digər komandalar da çətin rəqiblərdir. “Rəvan”, “İnter”, “Qarabağ” – hamısı yaxşı komandalardır.
– Növbəti turda “Bakı” ilə üz-üzə gələcəksiniz. Onlar da fasilədən sonra keçirdikləri 3 oyundan maksimum xal toplayıblar. Həmin görüşdən nə gözləyirsiniz?
– “Qəbələ”ni məğlub etdik. Artıq bu oyun haqda düşünmək lazım deyil. Biz Bakıdakı dueli düşünürük. Təbii ki, uğurlu seriyamızı davam etdirmək istəyirik. Bunun üçün də qələbə qazanmalıyıq. Çətin oyun olacaq. Amma məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

2 thoughts on “Etame Mbilla: Bundan sonra da belə olacaq”

  1. C.Toşak dönəmindəki transferlərin ən uğurlusu Etame Mbilladır. Biz hələ onun vurduğu qollara çox şahidlik edəcəyik.

Comments are closed.