Deyvid Sacconi: Denizlinin öz üslubu var

– Ölkə kubokunun 1/8 final mərhələsində asanlıqla məğlub etdiyiniz “Neftçala” ilə görüş barədə nə deyə bilərsiniz?
– Asan rəqib yoxdur. Hansı cəbhədə mübarizə aparmağından asılı olmayaraq, komandaların hamısı “vuruşur”. Sadəcə, biz oyunu özümüz üçün sadələşdirdik.
– Fasiləyə qədər 4 qol vursanız da, ikinci hissədə bunu bacarmadınız. Arxayınlaşmışdınız?
– Aydın məsələdir ki, hesabda 4 top fərqi ilə irəlidə olduğun vaxt belə topu özündə saxlamağa, hücumları davam etdirməyə çalışırsan. İkinci hissədə bunu etdik. Şanslarımız da oldu. Hətta bir epizodda top qapı xəttini də keçmişdi. Ancaq referi fərqli qərar verdi. Həm də rəqib qapıçı da yaxşı oyun nümayiş etdirdi.
– Uzun müddət idi qələbə qazana bilmirdiniz. Bu qələbə ab-havanı dəyişəcəkmi?
– İstənilən qələbəyə dəyər vermək lazımdır. Bunun ölkə kubokunda və ya çempionatda əldə edilməsinin heç bir fərqi yoxdur. Əlbəttə, müsbət təsir edəcək. Kubok da Avropa Liqasına yüksəlməyə imkan verir. Düşünürəm ki, qələbə xeyrimizə olacaq.
– Yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk oyununuz idi. Onun əsas tələbləri nədən ibarət idi?
– Dənizlinin iş prinsipi fərqlidir, onun öz üslubu var. Daha çox topa sahib olmağımızı və sürətli oynamağımızı, hücumlara tez qoşulmağımızı tələb edir. O, cəmi 2 gündür komandaya rəhbərlik edir. Xeyirli olacağını düşünürəm.
– Liderlər qrupundan bu qədər uzaq düşdüyünüz halda, türkiyəli mütəxəssisin komandaya titul qazandıracağı realdırmı?
– Futbolçu titul qazanmaq istəyirsə, buna inanmalıdır. Qələbə əzmi ilə meydana çıxmalıyıq. Turnir cədvəlinə baxsaq, vəziyyətimiz yaxşı deyil. Bu gün titul qazanmaq üçün ən real yarış ölkə kubokudur. Çempionatla müqayisədə bu yarışda uğur qazana bilərik.
– 1/4 final mərhələsindəki rəqibiniz I divizionun lideri “Araz Naxçıvan” olacaq. Onların “Simurq”u yarışdan kənarlaşdırması sizi narahat etmir?
– Hələ “Neftçala” ilə oyuna çıxana qədər rəqibimizin kim olacağını bilirdik. Nəticəni təəccüblə qarşıladıq. Çünki “Simurq” asan yeniləcək komanda deyil. I divizion təmsilçisinin qələbəsi nəsə deyir. Turnir cədvəlinə baxan zaman, “Araz Naxçıvan”ın Premyer Liqaya yüksəlməyə ən real namizəd olduğunu düşünürəm. Düzdür, onlarla duelə qədər kifayət qədər vaxtımız var. Əminliklə deyə bilərəm ki, bizi asan oyun gözləmir.
– Həftəsonu isə Premyer Liqa çərçivəsində “İnter”lə qarşılaşacaqsınız. Doğma meydanda məğlub olduğunuz rəqibdən revanş almaq mümkün olacaqmı?
– “İnter”lə Lənkərandakı oyunu yaxşı xatırlayıram. Səhv etmirəmsə, “Bakı” və AZAL üzərindəki ardıcıl qələbələrdən sonra onlarla qarşılaşdıq. Oyuna nəzarət tərəfimizdə olsa da, rəqib əks-hücumda qol vurdu. Mürəkkəb komandadır. Üstəlik, son oyunda “Bakı”nı udublar. Bəlkə bu qələbə onları nisbətən arxayınlaşdırsın və biz də istifadə edək.
MƏNBƏ: Apasport.az

9 thoughts on “Deyvid Sacconi: Denizlinin öz üslubu var”

  1. “İnter”-lə oyun öz prinsipialliği və gərginliyi ilə secilən oyunlarimizdandir.Bu kamanda asan rəqib deyil,mən deyərdim ki, cox gizli və əzmkar iradəyə malik kamandadir.Indiki halda hami kamandamizdan haminin qələbə gözləməyi başa duşuləndir.Realliq və məntiqə soykənəndə isə hec-hecedə qənaətbəxş sayilmalidir.Cunki ,kamandamizda məşqcidən başqa hecnə dəyişilməyib.Pitsdə elə bu kamandada olanda bu “qara zolaq”-da idik.Dəyuşən yalniz oyun planinda ola bilər ki ,buda yeni gələn məşqcinin bacariq və peşəkarliğindan asilidir.Onsuzda biz qələbə ucun meydana cixariq.Əsas odur ki, məşqci tərəfindən verilən tapşiriqlari oyuncularimiz meydanda həyata kecirdə bilsinlər.Bezi oyuncularimizin fərdi oynamasi,həmcinin top itkilərində paylarinin cox olmasi bir həftəyə duzələn deyil.Hər bir oyuncularimiz mesuliyyətin ciddiliyini dərk etməli,mubarizə görsətməlidirlər.Belə şertlə qələbəyə məndə inaniram.

  2. Salan, Mirhafiz müəllim! Əgər futbolçularımız sürətli, ağıllı, cinahlardan ardıcıl dəqiq ötürmələr verə bilsələr “İnter”i məğlub edə bilərik. Niyə də qalib gəlib Lənkərandakı məğlubiyyətin əvəzini çıxmayaq.
    *****
    Bəli, Qabil bəy komandamız Lənkərandakı məğlubiyyətin əvəzini çıxmalıdır.

  3. Deyvid Sakkoni arxada qalan on beş turun heç bir oyununda 90-dəqiqə meydanda olmamışdı. Elə bil ki, Toşak Sakkoniyə güvənmirdi. Mustafa bəy isə ona “Neftçala”yla oyunda 90-dəqiqə şans verdi. İnsafən yaxşı oynadı, “Neftçala”yla oyunda komanda yoldaşlarına dəqiq ötürmələr verməklə yadda qaldı.

    • Hansisa sayti reklam etməkdənsə klubumuzun rəsmi saytindan istifadə etmək təqdirəlayiqdir.butun bu videolar klubumuzun saytindan goturulur və digər saytlarda yayimlanir.
      *****
      Tamamilə razıyıq sizinlə. Oxacumuzu qırmamaq üçün bunu etmişdik. Sizin müdaxilə lap yerinə düşdü, deyə bilərik.

Comments are closed.