CAR-da bizim hakimlərin fiti eşidilmir

FİFA DÇ-2010-un II turun bir sıra oyunlarına hakim təyinatlarını açıqlayıb. Verilən məlumatlarda, CAR və Meksika yığmaları arasında açılış oyununu idarə etmiş özbəkistanlı Rövşən İrmatov yenə etimad qazanıb. İdarəçiliyi yaxşı hesab olunan 32 yaşlı referi bu dəfə İngiltərə və Əlcəzair yığmaları arasında görüşün baş hakimi təyin olunub. II turda Massimo Buzakka (İsveçrə) CAR – Uruqvay, Həlil Əl-Qəmdi (Səudiyyə Ərəbistanı) Fransa – Meksika, Oskar Xulian Ruis Akosta (Kolumbiya) Yunanıstan – Nigeriya, Frank de Blekere (Belçika) Argentina – Cənubi Koreya, Koman Kulibali (Mali) ABŞ – Sloveniya, Alberto Undiano Malyenka (İspaniya) Almaniya – Serbiya, Roberto Rozetti (İtaliya) Qana – Avstraliya görüşünü idarə edəcək. II turun qalan oyunlarına təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, İrmatov milli komandamızın Özbəkistan yığması ilə bir neçə yoldaşlıq görüşünü idarə edib. Biz də bütün dünya futbolsevərləri kimi CAR-da keçirilən Futbol üzrə dünya çempionatının final mərhələsini böyük maraqla izləyirik. Öz növbəmizdə biz də hər bir şeyə diqqət etməyə çalışırıq. Çempionatın açılış matçında, CAR-Meksika millilərinin oyununda hakim məsələsi diqqətimizi cəlb etdi. Görüşün baş hakimi özbəkistanlı Rövşən İrmatov idi. Ümumiyyətlə həmin oyunun digər hakimləri də Orta Asiya ölkələrini təmsil edirdilər.

Açığı onlar görüşü demək olar tam nöqsansız idarə etdilər. Bu həm sevindirici və həm də pərişanedici bir hal idi. Ona görə sevindik ki, geridə qalmış hesab olunan əski sovet respublikalarında futbol inkişaf edir ki, həmin ölkənin hakimlərinə FİFA belə bir məsul oyunu etibar edir. Daha çox sevindirici hal, onların idarəçiliyinin bir daha FİFA tərəfindən bəyənilərək, gördüyümüz kimi növbəti təyinatlar almalarıdır.
Çox təəssüf ki, bütün dünyanın diqqət mərkəzində olan belə bir mötəbər futbol turnirində nə Azərbaycan millisi və nə də heç olmasa ölkəmizi təmsil edən bircə hakim belə yoxdur. Hakimlərimizin bacarığından danışan, onlara yanlış olaraq çox yüksək “qiymətlər”  verən Hakimlər Komitəsi görəsən bundan bir narahatçılıq keçirir? Keçirirsə, onda, Hakimlər Komitəsi üzümüzə gələn çempionatda bu işlərlə ciddi məşğul olmalıdır ki, heç olmasa növbəti belə turnirlərdə bizim hakimlərin də fit səsi eşidilsin, bizdə də hakimlərin olduğunu dünya görmüş olsun.

Orta Asiya Respublikalarına və onların Futbol Çempionatlarına zəif gözlə baxan, bizdə futbol onlardan daha çox inkişaf eləyib deyən futbol başbilənlərimiz, bu haqda da fikirləşin!
Arxiv: Bosman.at.ua