Buzlaqda üzən gəmi, Aysberqə doğru

Son zamanlar minlərlə insanın sevgisi olan “Xəzər Lənkəran” enişə o qədər sürətlə düşür ki, bir növ onu sevən insanlar öyrəncəli olublar. Deyəsən öyrəncəli olmağın da bir dib nöqtəsi var. Mirça Rednikə tikilən torba o qədər haqsız və həyasızcasına baş verdi ki, indi həmin torbanı tikənlər özləri onun dibinə düşüb çapalamaqdaykən, Redniki torbaya salanlarla mübarizədə olan azarkeşləri də torbanın dibinə doğru çəkirlər. Rednik torbaya düşmədi, ağıllı insan olduğundan daha da yüksəkliyə qalxdı. Onun üçün torba tədarük edənlər isə çoxdan torbanın dibində vurnuxurlar və hətta bu torbanın ağzını kəsdirib Rednikin ora düşməməsi üçün maneə yaradan azarkeşlərin də bir hissəsini dartıb yaratdıqları çıxılmaz torbanın dərinliklərinə yuvarlatmaqdadırlar.

 Son böyük oyundan daha da vüsət alan bu yuvarlanma hələ də davam edir. Eşidilən xəbərlərdə qarşıdakı oyunda bu bir çoxlarını da torbanın dibinə çəkmək planları var. Bu, ya bilərəkdəndir ya da bilməyərəkdən. Nəticədə “Xəzər Lənkəran” boyda gəmi, artıq bu torbaya doğru yön alıb və səsləndirilən bəzi şeylər baş versə, onda o böyüklükdə gəmi balıq tora düşən kimi bu torbanın dərinliyinə elə yuvarlanacaq ki, oradan çıxıb xilas olması çox müşkülə çevriləcək.

 Yaxın kəndlərdən bir nəfər şəhərdə eşidir ki, şəhərin bir qism adamları dükanlardan yumurta alır və növbəti oyunda cənab Toşakı yumurta atəşinə tutacaqlar. Oyunda da olmasa istirahətdən qayıtdıqdan sonra. O, da fikirləşmədən həyətindəki toyuq hininə girir və toyuqların neçə dənə yumurtladığını sayır. Görür ki, kifayət qədər yumurta var. Onları yığıb saxlayır. Birdən narahat olur. Axı stadionda meydana oyun zamanı nə atırsan at, onu yad əşya kimi sayırlar. Bir dostunun PFL-də tanışları olduğunu yada salıb, məsələni dəqiqləşdirməyi planlayır. Dostu PFL-ə zəng edir və məsələdən xəbərdar edir. Öyrənmək istəyir ki, yumurta da yad əşya sayılacaq? PFL-dəki dostu deyir əlbəttə ki. Bu cavabı eşidən yumurta yığan kəndçi tez trubkanı alıb and aman eləməyə başlayır ki, vallah yad əşya deyil, ümumiyyətlə yad deyil. Öz hinimizdən yığmışam, özü də öz toyuqlarımız yumurtlayıb. Bunun harası yad oldu? Bəyəm mən də digərləri kimi yumurtanı dükanlardan almamışam ki, heç yumurtlayan toyuğu da tanımayım. Əgər elə olsa idi, mənim də topladığım yumurtalara yad yumurta və ya atılarkən, yad əşya demək olardı. Vallah, billah öz toyuqlarımızın yumurtasıdır! Onda PFL-dən telefonla danışan deyir ki, elə isə bəs sən atarsan. Amma kim ki, dükanlardan tanımadığı toyuğun yumurtasını alıb, biz onu yad əşya sayacağıq. Elə isə sən narahat olma at! Bunu eşidən yaxın kənddən olan kəs, o biri dostuna da sevinərək deyir ki, eşitdin? Sən də get yumurtaları yığmağa. Amma fikir ver öz toyuqlarınızın olsun, diqqətli ol! Beləliklə yumurtaatanlar arasında da ayrıseçkilik salınır.

 Nə isə soruşanda ki, bala yumurtanı kimə atacaqsan? Deyir görmürsən o qocanı? Toşakı deyirəm də. Gör neçə oyundur qələbə qazana bilmir. Cəmi üç  heç-heçədən elə üç xalımız var, onunla da axırıncı yeri bölüşürük. Buna dözmək olar? Onda sual verirsən ki, bunun yolu təkcə yumrta atmaqdı? Cavab verir ki, bəs nə edək? Özü uduzur amma istefa vermir. “İstefa” qışqırırıq, yenə getmir. Məcbur qalmışıq. Hər konfransda da deyir ki, olanlara çox üzülürəm, nəticələrə əlbəttə baş məşqçi kimi mən cavabdehəm. Əllərimi yuxarı qaldırıram və deyirəm, nəticələrə görə mən cavabdehəm. Daha bunları deyincə elə çıxıb getsin də… Bir də gör nə deyir? Heç vaxt deməyəcəklər ki, Toşak “Real”la kubok alıb, nə bilim kiminlə çempion olub. Sonuncu nəticələri yada salacaqlar. “Makkabi”yə 0:8 və sair və ilaxır.

 Deyəndə ki, ay qardaş, bilirsən Toşak kimdir? Deyir ki, əşşi day qocalıb. Nə olsun ki, “Real”da, “Sent Etyendə”, nə bilim “Beşiktaş”da kubok alıb, çempion olub. Heç məşq də keçmir. Ya istirahət verir komandaya, ya da 40-45 dəqiqə məşq keçir vəssalam. Belə komanda hazırlamaq olar?

 Bax indi də mən deyim sən qulaq as, yaxşı? Toşak dünya görmüş adamdı. Nəticələrini də özün sadaladın. Belə adamlar heç vaxt işi kal tutmurlar. O yəqin ki müqaviləyə imza atanda hər şeyi ətraflı düşünüb. Məsələn, sən maşın ustasısan. Gör neçə ildir ki, bu işlə məşğulsan. Kimin də maşınının motoru xarab olur, hamı deyir ki, gəlsin sənin yanına. Hələ elə bir maşın olmayıb ki, sən onu düzəldə bilməyəsən elədir?-Bəli, elədir! Deməli, sənin də öz sahəndə Toşak kimi uğurların bəs qədərdir. Belə bir misal gətirim, sən də cavab ver. Toşakı başa düşmək üçün bir az avropasayağı diplomat olmalısan. Səni gərək loru dildə başa salım. Deyəcəyim missal belədir. Kəndin o başında yaşayan Həsən kişinin maşını nədir? –“Rand Rover”! Ay, Allah səni saxlasın! İşdi şayəd onun maşınının motoru “töksə”, onu yığa bilərsən? –Əlbəttə canın da alaram. Birinci dəfədir bəyəm? Gör neçə “Rand Rover” motoru yığmışam. Hələ başqa “inomarka”ları demirəm. Yaxşı, necə oldu onları yığa bildin? –Heç… gəldilər dalımca, mən də getdim maşına baxdım. Sonra siyahı tutdum. Dedim ki, bu “orginal zapçast”ları alın mən də motoru saat kimi yığım verim sizə. Sağ olsunlar, onlar da dediyim “zapçast”ların hamısının “orginal”ını gətirdilər, mən də yığıb verdim, indidə sürürlər. Saat kimi də işləyir.-Ay sağ ol, bu başqa məsələ.

 İndi təsəvvür elə ki, Həsən kişinin “Rand Rover”inin motoru “töküb”.  Həsən kişi də səni çağırıb həyətinə deyir ki bunu düzəldə bilərsən? Sən də baxdın maşına və dedin ki, bu, bu “zapçast”ları gətizdir, 15 günə maşını saat kimi verim sənə. Siyahını verdin, özün də oturub gözləyəcəksən də, elə deyil? Toşak da gözləyir də…

 Həsən kişi də sən verdiyin siyahıyla əvvəlcə razı olur, sən də gözləyirsən. Hərdən bir 40-45 dəqiqə maşınla maraqlanacaqsan, sonra da həyətdə gəzəcəksən, elə deyil? –Bəli, yəqin ki, elədir dostum. Mənim işim dediyim “zapçast”lar gələndən sonra başlayır da…

 -10 gün sonra Həsən kişi birdən gəlib dedi ki, ay usta sənin dediyin “zapçast”lar bir az çox götürüre… Gəl sən get “ölüxana”ya (Bakıda yararsız vəziyyətə düşmüş maşınlardan çıxarılan ehtiyyat hissələrinin satıldığı bazar), ordan bu “zapçast”lardan bax hansını taparsan, tapmadığını da “peredelka” edərsən bir təhər. Onda sən ona nə deyərsən? Deməzsən ki, biz söz danışmışıq. “Ölüxana” “zapçast”larından, özü də “peredelka” ilə yığılan motor ya işləməz, ya da bir az səs-küylü işləyib, səni yarıyolda qoyar! Deməzlər ki, bunu kim yığıb? Məni biabır etmək istəyirsən? Ondan sonra kim mənə iş gördürər? Biabırçılıq olar! Mənə həm mənəvi zərbə olar, həm də maddi. Çünki ondan sonra mənə iş verən olmaz. Toşak da təcrübəli birisidir. O, hara gəldiyini də yaxşı bilir. Bəlkə də şərtlər daxilində alacağı pulun, şərtləri yerinə yetmədiyi halda, olacaq mənəvi zərbəyə görə, ikiqatını, beşqatını almaqla müqaviləyə qol çəkib?

 Əslində Toşak 3-4 oyunda nəyə qadir olduğunu elə bu oyunçularla da göstərib. Amma bu oyunçularla ondan tələb olunan hədəflərə çatmağın mümkün olmadığını o, yaxşı bilir. Ona görə də təqdim etdiyi və razılaşdırdığı siyahıdakı bahalı futbolçuları gətirməmiş, qollarını çırmalamayacaq, elə istirahət verib komandaya, özü də gəzəcək. Bax buna görə ona yumurta atmağa və başqa hörmətsizlik etməyə haqqımız çatırmı? Onda gərək Həsən kişi də onun maşınını düzəltmədiyin üçün, girib hindəki yumurtaları sənə atsın. Belədə Həsən kişi düzmü edər? Onda sən də “kapot”u çıxardıb keçirərsən onun başına. Sonra da dava-dalaş, iş düşər məhkəməyə. İndi də sən bu yumurtaları haqsız yerə Toşaka atsan, vay bizim camiənin və “Xəzər Lənkəran”ın halına. Dunyada biabir olarıq. Onda AFFA yox ha… UEFA da, FİFA da bizi yer üzündən silər. Dünya futbol ictimaiyyəti bizim camiəyə vəhşi adı verər…

 Belədə dostum usta yumurtaları tez-tələsik evə verdi və qayğanaq hazırlamalarını tapşırdı.

 P.S. Toşakla bağlı müraciətə könülsüz imza qoymaq, çoxdan bəri gəzən bu yumurta biabırçılığından onu və camiəni qurtarmaq fikri idi. Axı hamını bizim bu maşın ustası kimi başa salmaq olmur. İnşallah camiəmizdə bu və bu kimi fikirdə olanlar, camiəmizin biabır olmaması üçün heç bir artıq hərəkətə yol verməz.

 P.P.S  Məsələnin xırdalıqlarına qədər ona görə getdim ki, çünki fanatlar arasında çoxlu gənc və belə şeyləri çılğınlıq kimi qavrayanlar var. Ümidvaram ki, bunların heç biri baş verməyəcək.

 P.P.P.S Bəlkə də Toşakın klubla problemi heç də burda yazılanlar kimi deyil, daha asan həll olunandır. Hər halda buna ümid etmək istərdim.

Mirhafiz Babayev

5 thoughts on “Buzlaqda üzən gəmi, Aysberqə doğru”

  1. Xeyrli olsun. Bugun bu sayt menim ucun surpriz oldu, cox sevinndim.
    **********************************************************************
    idrak bəy uzaq Polşadan saytımız haqqında yazdığınız xoş sözlərə görə təşəkkür edirik! “Bosman”ın üzvü kimi sizin zəhmətləriniz əvəzolunmaz və böyükdür. Sizə arzumuz-Həmişə xoş sürprizlərlə qarşılaşasınız! Getdiyin məqsəddə də böyük uğurlar arzu edirik!

  2. Təbrik edirəm.Şad xəbərlər yazasınız.
    Onu dəqiq bilirəm ki, -BU BİZİM SAYTDI! Düşünürəm ki, az da olsa köməyim dəyə bilər!
    *******************************************************************************
    Əlbəttə Vaqif müəllim bu elə sizin kimi “Xəzər Lənkəran” fədailərinin saytıdır. Bu yolda min-bir əziyyət çəkən, neçə-neçə turnirləri keçirməyə çox çətinliklə də olsa nail olan bir insanların saytıdır. Və bundan biz də qürur duyuruq.

  3. Her vaxtiniz xeyirli olsun.
    Tebrikler tebrikler tebrikler
    Cox sevindim..Gozel bir saytin erseye gelmesinde emeyi olan her kese xususi ile Doctor size minnetdarligimi bildirirem.
    Inanin sayti bu cur gorende inanilmaz sevindim,Insallah ugurlarimiz saytimizla beraber geler…Xeyirli xeberler oxumaq arzusu ile…
    ******************************************************************
    Çox sağ olun xoş sözlərə və xoş arzulara görə. Sizin də əməyiniz “Bosman” fanklubunun təsis edilməsindən ta bugünə qədər yetərincə böyükdür və bu gün də davam edir.

  4. Tebrik edirem. Xeyirli ugurlu olsun….
    ******************************************
    Malik bəy, çox sağol! Bir “Bosman” fanklubunun üzvü kimi sizin də uğurlarımızda böyük payınız var. Bu münasibətlə sizi də təbrik edirik.

Comments are closed.