Bu mövsümün ilk səfər matçımız, "Simurq" – "Xəzər Lənkəran"

Sabah “Xəzər Lənkəran” ölkə çempionatı çərçivəsində 2-ci turun, lakin bu mövsümün ilk səfər qarşılaşmasına çıxacaq. “Xəzər Lənkəran” builki ilk səfər matçını Zaqatala şəhərində yerli “Simurq” klubuna qarşı keçirəcək. Zaqatala şəhər stadionunda avqustun 15-də, saat 18:00-da keçiriləcək bu matç aşağıdakı hakimlərə etibar edilib:
Hakimlər:  Rəhim Həsənov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi:  Oqtay Abdullayev
Hakim-inspektor:       Məhəmməd Məmmədov
 
2006-cı ildən indiki Premyer liqaya vəsiqə qazanan və həmin ildən bu liqadakı çıxışlarına fasilə verməyən Zaqatalanın “Simurq” klubunun ən yaxşı nailiyyəti 2008/2009 ildəki mövsümdə, bürünc medallara sahib çıxaraq, Avropa liqasında çıxışına təsadüf edib.
Bu ili “Simurq” klubunda köklü dəyişikliklər ili adlandırsaq yanılmarıq. Həm baş məşqçi postuna əvvəllər “Bakı” klubunun və bir müddət Azərbaycanın əsas milli komandasının baş məşqçisi olmuş Makedoniyalı Qyoko Haciyevskinin gətirilməsi, həm də demək olar futbolçu heyətinin başdan-başa gənc və perspektiv vəd edən oyunçularla yenilənməsi, bu klubun döyüşkən xarakterli olacağından xəbər verir.
Ona görə də həm bu amilləri və həm də səfər matçı olduğunu düşünsək, “Xəzər Lənkəran” 15 avqust tarixində keçirəcəyi bu matça çox diqqətlə yanaşmalıdır. Bu həm də ona görə lazımdır ki, növbəti 3-cü turda komandamız evdə son çempion “İnter” klubu ilə qarşılaşacaq. Zaqatala səfərindən qələbə ilə qayıtmaq, cəmi bir həftə sonra, doğma meydanda keçiriləcək “İnter”lə oyun üçün böyük motivasiya ola bilər. Komandamıza qoşulan yeni transferlər üçün də bu matç uyğunlaşma baxımından az əhəmiyyət kəsb etməyəcək. Komandamızın indiyə qədər “Simurq”la oyunların heç birində məğlub olmaması, sabahkı oyun üçün də nikbinliyə əsas verir. Aşağıda “Xəzər Lənkəran”ın, “Simurq”la bütün oyunlarının statistikasını veririk.
Ümumilikdə götürdükdə komandamız, indiyə qədər nə ev nə də səfər matçlarında “Simurq”la keçirdiyi matçların heç birində məğlub olmayıb.
O      Q      H     M      T/F     X
Evdə         4       3      1      0       9-3     10
Səfərdə     4       2      2      0       6-4       8
Cəmi         8       5      3      0      15-7    18
Səfərdə oynamasına baxmayaraq, sabahkı 2-ci tur matçında da komandamıza yalnız qələbə arzulayırıq.
 
Arxiv: Bosman.at.ua

1 thought on “Bu mövsümün ilk səfər matçımız, "Simurq" – "Xəzər Lənkəran"”

Comments are closed.