Bu gün saat 15:00-da ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu (Canlı)

Bu gün, 2013-14 Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Bura qədər 1/16 və 1/8 final mərhələlərinin oyunları, PFL-in mövcud reqlamentinə görə qalibin bir tək matçla müəyyənləşirdisə, artıq növbəti 1/4 və 1/2 final mərhələlərinin oyunları, iki yəni ev və səfər qarşılaşmaları olaraq, qalibi müəyyənləşdirəcək. Mövsümün final oyunu isə tək bir matçla qalibi müəyyənləşdirəcək.
Bu gün 4 matçda 8 komanda üz-üzə gələcək ki, cavab oyunları da martın 19-da baş tutacaq. Yalnız bundan sonra 1/2-ə çıxan komandaların adlarına aydınlıq gələcək. Bilirsiniz ki, 1/4 final rəqibimiz I divizion təmsilçisi “Araz-Naxçıvan” komandasıdır. Bu mərhələyə qədər gələn “Araz-Naxçıvan”, yeganə I divizion təmsilçisidir ki, bu da təsadüfi deyil. Azərbaycanın tanınmış məşqçilərindən olan Əsgər Abdullayev komandanın başına gətirildikdə, məlum idi ki, “Araz-Naxçıvan” iddialı dövrünə qədəm qoyur. Elə I divizionda inamlı çıxışı ilə ilk pillədə uzun müddətdir ki, qərarlaşan bu komandanın məqsədinin Premyer Liqa olduğu açıq bəllidir. I divizionda kifayət qədər rekordlar qıran “Araz-Naxçıvan”, azarkeş sarıdan da Premyer Liqanın əksər komandalarına nümunə ola bilər və bu  üstün gələ bilən xəttlə inkişaf edir.
Bu gün doğma komandamız, “Xəzər Lənkəran” 1/4 final mərhələsində, arenası “İbrahimxəlil Axundlu” adına olan stadionunda  “Araz-Naxçıvan”ın qonağı olacaq. Matç saat 15:00 start götürəcək. Onu da qeyd edək ki, “Xəzər Lənkəran”ı bu arenada azı 200 fanat dəstəkləyəcək ki, bunlar da Naxçıvanda təhsil alan və işləyən tərəfdarlarımızdır. Bir neçə gün əvvəl də onların bizim elektron poçtumuza məktubu daxil olmuşdu və biz həmin məktubu saytımızda dərc edərək, daha geniş ictimaiyyətə çatdırmışdıq.
Onu da deyək ki, “İbrahimxəlil Axundlu” heç də komandamıza yad arena deyil. Elə yaxın vaxtlarda hamımız, komandamızın ölkə Super Kubokunu bu arenada necə əzmkarlıqla qazanmasının bütün futbol ictimaiyyəti şahidi olmuşdu. Həmin oyunda da komandamızı Naxçıvanda dəstəkləyən xeyli sayda azarkeş var idi.
Bu gün ölkə kubokunun 1/4 finalında qarşılaşacaq cütləri təqdim edirik:
1/4 final
12 mart (çərşənbə)

1. “İnter” – “Neftçi”
2. “Rəvan” – “Bakı”
3. “Qəbələ” – “Qarabağ”
4. “Araz-Naxçıvan” – “Xəzər Lənkəran”
Onu da bildirək ki, “Xəzər Lənkəran” iki matçın nəticəsinə görə bu mərhələdən qalib ayrılarsa, 1/2 finalda “Qəbələ” – “Qarabağ” cütünün qalibini keçməlidir ki, finala vəsiqə qazansın. Xatırladaq ki, 15:00-da başlayacaq, “Araz-Naxçıvan” – “Xəzər Lənkəran”  qarşılaşması televiziyanın efirində yer almayacaq və “Xəzər Lənkəran”ın rəsmi internet saytı ilə canlı yayımlanacaq. Canlı yayımın linklərini təqdim edirik:
Buradan izlə-1
Buradan izlə-2

10 thoughts on “Bu gün saat 15:00-da ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu (Canlı)”

  1. Sebirsizikle gozleyirik.
    *****
    Malik bəy, səbirsizliklə, qələbə gözləyirik. Amma yəqin ki, bu heç də asan olmayacaq.

  2. Birinci hissədə oyun xoşuma gəlmədi Komanda şəklin də oynamırlar Əksinə Araz yaxşı oynayır .

  3. Salam, Mirhafiz müəllim! Doğrusu komandamızın oyunu məni qane etmədi. Nəzərə alsaq ki, “Araz Naxçıvan” birinci dəstə komandasıdır və bugün “Xəzər Lənkəran” ona qarşı öz layiq olduğu oyunu oynaya bilmədi. Pərakəndə və hərə özü üçün fərdi oynamaqla heç nəyə nail olmaq olmaz. Yenə oyunu alınmayan oyunçulara M.Dənizli 90-dəqiqə oynamaq şansı verdi. Bir sözlə, belə oyunla istəməsdim ki, komandamız Avropaya çıxsın və avropalıların gülüş hədəfinə çevrilsin.
    *****
    Salam, Qabil bəy! Doğrusu pərakəndə oyun fikrinizlə tam razıyam və əlbəttə yayda da işlər belə gedərsə, Avropaya getməyin heç bir mənası yoxdur.

  4. Müəllim, istədim bir bəhri təvil yazım, amma bilmirəm, yaxşı ya pis belə alındı.
    Oturub bir yazı yazsam, çoxu qalsın, azı yazsam, adına “Topaz”ı yazsam, deyəcəklər bu nə addı, bizə yaddı, yazdığın fitnə-fəsaddı, olaram bir azca razı, həm narazı, quraram mizan-tarazı, bu dərdin dərmanı çoxdu, amma ki, əlacı yoxdu, qoyulub futbol qumara, bu gedişlə futbolumuz gedir hara və oyundan qazanırlar çoxlu para, azarkeş qalıb avara, düşüb dara, tapılmır dərdinə çarə, başbilənlər ediblər ram, aram-aram, futbola qatıblar haram, gizli deyil elə rahat, çəkərəm ad, PFL-də oturub yad, yoxdu savad, yeri abad, edibdi futbolu bərbad, “Topaz”ın gəldiyi gündən hakimlər aləmi qatır, bilinmir kim kimə atır, biri satır, biri batır, biri yatır, kim isə arzuya çatır, bax budur bizdə vəziyyət, etmə xiffət, özünə vermə əziyyət və nəhayyə, düzələn deyil bu heyyət…
    *****
    Bəhri təvilin də qəşəng, fikirdə var incə ahəng, bu rəng, o rəng, lap rəngarəng, gah şeirlə edirsən cəng, bu futbolun aləmini etmisən dəng, bunlar sorar nolub sənə? gəl əziyyət vermə mənə, çünki bizdə var ənənə, biri deyər, biri yeyər, şikayətçi olma sən çox, bizi bilmə ya kal, ya lox, əsas odur qarnımız tox, hey yeyirik çıxmayır box, çünki bizdə var təlimat, minlərlə insan qalsın mat, o yanı kəs, bu yanı at, olsa da sizçün bathabat, təlimatda var, ye, həm sat, sən də dolan alababat, bizimlə sən cəng eləmə, bizləri diltəng eləmə, çox danışıb əng eləmə, zənn eləmə durularsan, axırı sən yorularsan, biz çoxuq, sən tək qalarsan, bunun da payın alarsan, deyə-deyə qocalarsan!

  5. Gecəniz xeyirli olsun, Doktor! Gözəl cavaba görə minnətdaram. Mən ilk dəfə idi ki, bəhri təvilə müraciət edirdim. Doktor, bilmək istərdim ki, bəhri təvili vəznə, daha doğrusu qəlibə düz salmışam ya yox. Səhvim varsa bildirməyinizi xahiş edirəm.
    *****
    Hər şey yaxşıdır, Qabil bəy! Bəhri təvildə, şeirdə olduğu kimi qafiyələr misralara düzülmür və heca sayı nəzərə alınmır. Ancaq uzunluğundan asılı olmayaraq fikirlər qafiyələrə düzülür. Əvvəl gələn qafiyələrin sonuncusu, özündən sonra gələn fikrin ilk qafiyəsinə keçid təşkil edir. Bəhri təvil M. Ə. Sabir yaradıcılığında bariz nümunəvi yer tutur. Ondan əvvəl də aşıq yaradıcılığında, türk ədəbiyyatında belə nümunələr var. Lakin onlar ya 8, ya da 4 heca vəzninə sıxılmış formadadır. O cümlədən Nəbatinin də. Amma M. Ə. Sabirdə bu öz azad (heca cəhətdən) qəlibinə oturdulmuşdur.
    Məsələn:
    Ey fələk, zülmün əyandır, bu necə dövri-zamandır ki, işim ahü-fəğandır, məni yandırma amandır, gözümün əşqi rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd-bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfri-şiyəmlər necə cürətlə rəqəmlər yazıb islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamda, hər ölkədə, hər şəhrdə, dinarü-dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağa geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət, aman, ey vah! Ay allah, bu qövm oldu nə gümrah, bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah!
    Salıb aləmə pərxaş, bular lal ola, ey kaş, düşə başlarına daş! Xüdaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fənakarə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: о da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü-səranı süpürüb, kasanı qabı üfurüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur ki, gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü-məhəbbət, ola təbdili-ədavət, biri həm axırı ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsı var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət, anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət….
    Budur aləmi-nisvan!
    Budur hali-müsəlman!
    Gərəkdir edə məhdud
    Öz övladını insan!
    Sən, əmma, hələ qanma!
    İnanmırsan inanma!
    Fərəhlən əməlindən!
    Utanmırsan, utanma!

  6. Salam, Müəllim! Çox gözəl aydınlıq gətirmisiz. Dahi Mirzə Ələkbərin və rəhmətlik Baba Pünhanın bəhri təvillərini oxumuşdum. Mən də özümü sınamaq istədim. Onu da deyim ki, uşaqlığda ədəbiyyata böyük marağım olub, amma tale elə gətirdi ki, rəssamlığı seçdim. Gözəl şerdən alınan həzzi, zövqü mən heç nəyə dəyişmərəm.
    *****
    Ədəbiyyat, şeiriyyət hissi güclü olmayan bir insan nə yaxşı rəssam nə də başqa yaradıcı sənət sahibi ola bilməz məncə.

Comments are closed.