Biz səni gözəl oyununla sevdik, "Xəzər Lənkəran"!

27-ci tur Unibank premyer liqasının oyunlarını çox maraqla gözləyirdik.Rəqib komandaların bu turda, bir gün əvvəl xal itirməsindən yararlana bilsəydik, indi turnir cədvəlinin şəriksiz lideri olmaqla bərabər, həm də final mərhələsinin birinci dövrəsini qələbə ilə başa vurub, ikinci dövrəyə də çox inamla başlayacaqdıq. “İnter”-“Qəbələ” matçı 1:1 bitincə “İnter” daha iki xal itirərək xallarının üstünə cəmi bir xal əlavə edə bildi ki, bununla da 24-xal toplamış oldu. “Xəzər Lənkəran”, “Bakı” üzərində qələbə qazanmış olsaydı, 22-xalının üzərinə daha üç xal artıracaqdı ki, bununla komandamız 25-xalla dediyimiz kimi şəriksiz liderə çevriləcəkdi.
Nəinki bizdə, dünyanın bir çox çempionatlarında belə məsul matçlar öncəsi bir çox məşhur klubların xal itkisinin dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, “Xəzər Lənkəran” da bazar günü belə bir aqibət yaşadı. Amma belə bir məsul vaxtda, çempionatın qurtarmasına cəmi beş tur qalmış, bu cür çıxışlara yol vermək əlbəttə ki, olmaz. Belə olarsa, onda çempionluq bizdən aralı düşə bilər. Heyətinə görə çempionatımızın ən güclüsü sayıla bilən komandamız belə səhvlərə yol verməməlidir.
“Bakı” ilə oyunda komandamızın nə üçün meydana çıxması, nəyə görə belə səbatsız oyun sərgiləməsi hələ də çoxlarımıza qaranlıqdır. Həm ümümi komanda oyununda, həm də futbolçularımızın meydanda məqsədsiz gəzişməsi təəssüf doğurmaya bilməz. Son zamanlar bəzi futbolçularımızın tənbəlliyi bizi narahat etməyə bilməz. Xüsusən, çox böyük ümid bəslədiyimiz Çvetkov son bir neçə oyunda meydanda çox təmbəl görünməsi ve demək olar heç kimə ötürmə verməyərək topu itirməsi ilə yadda qalır. Eləcə də K. Ağayevin bəzi luzumsuz hərəkətləri və s. göstərmək olar. Sizə belə oyun yaraşırmı?  Siz, “Xəzər Lənkəran”ı təmsil edirsiniz! Biz isə “Xəzər Lənkəran”ı sevirik. “Xəzər Lənkəran”ı sevdiyimizə görə sizləri, gözəl oyununuzla sevirik. “Xəzər Lənkəran”a layiq oyun göstərib sonda hamımız Çempionluğu bayram etməliyik.
Bizlərə, sizinlə bərabər yalnız bu yaraşır. Çünki bizlər buna layiq, sizlərsə buna qadirsiniz. “Xəzər Lənkəran” ailəsi həmişə ən yuksək zirvələrə layiqdirlər!
 
Arxiv: Bosman.at.ua