A.Mircavadov: "Vəziyyəti bu həddə çatdırmaq olmaz!"

“Özümü texniki zonadan kənarda çox pis hiss edirəm. Bu, məşqçilik karyeramda ilk belə haldır. Vəziyyəti belə həddə çatdırmaq olmaz”. Bu fikirləri, “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
AFFA-nın İntizam Komitəsinin 4 oyunluq cəzalandırdığı 63 yaşlı mütəxəssis yenə texniki zonadan kənarda qalacaq. Bununla bağlı apelyasiya şikayətinin verilmədiyini nəzərə alsaq, Mircavadov Unibank Premyer Liqasında “Bakı” ilə qarşıdakı səfər görüşündə də meydandan kənarda olacaq: “Mən “Qarabağ”la matçda da texniki zonadan kənarda qalsam da, komandamız qələbə qazandı. Ümid edirəm ki, bunun davamı olacaq. Bilirsiniz, biz iş görmək istəyirik, ancaq eyni zamanda, belə aqibətlə üzləşirik. Belə də etmək olmaz. Bu, hər bir məşqçinin başına gələ bilər. AFFA-da iş görülür. Açıq deyirəm, yaxşı hakimlərimiz də var. Ancaq əsas məsələ bütün diqqəti oyuna yönəltməkdir”.
Mircavadov güclü rəqib saydığı “Bakı”nı qiymətləndirməyi vacib sayır. Onun sözlərinə görə, son ölkə çempionu hazırda yaxşı oyun göstərir: “Açığı, “Bakı”nın çox oyunlarını izləməmişəm. Bizimlə və hesabat turunda “İnter”lə oyunlarını qeyd edə bilərəm. “Şəfa” stadionunda keçirilən görüşünü televiziyadan izlədim. Sizə deyim ki, “Bakı”nın oyunu xoşuma gəldi. Komanda liderlə görüşdə inamlı təsir bağışladı. İndi sərbəst oynayırlar. Yeni baş məşqçinin gəlişi ilə heyətdə də dəyişiklər olub. Ola bilsin ki, bu, komandanın oyununa öz təsirini göstərib”.
Təcrübəli mütəxəssisi çempionla sınaq öncəsi narahat edən məqamlar da var: “Çox istərdim ki, mövqe səhvləri olmasın. Futbolçularımızı son oyunlarda bu baxımdan problemləri olur. Bundan əlavə, sürətli oyun göstərmək, top saxlamaq lazımdır. Təəssüf ki, bu da hələ bizdə lazımı səviyyədə alınmır. Futbolçularımız meydanda ağır olurlar. Bir də son oyunlarda yüngül qollar buraxırıq. Bütün bunların qarşısını almaq yönündə iş görür, ciddi təhlillər aparırıq. Ancaq yaxşı oynayan komanda yaratmaq üçün hətta 1 il də azdır”.
 
Mənbə: ”Apasport.az”
 
Arxiv: Bosman.at.ua