A.Mircavadov: “Olimpiya”nı udmaq lazımdır, vəssalam! – MÜSAHİBƏ

 – Avropa Liqasının püşkü atıldı. Nəticədən razı qaldınızmı? Hər halda, Moldovanın “Olimpiya” klubunun potensial rəqibləriniz arasında ən münasibi olduğunu nəzərə alsaq, bəxtiniz gətirib…
– Niyə ki? Sizi başa düşürəm. Ola bilər ki, komandanın adına görə deyirsiniz. Artıq rəqib haqda məlumat toplamağa başlayırıq. Bildiyimizə görə, futbolçularının çoxu legionerlər, əsasən də afrikalılardır. Ola bilsin ki, Moldova çempionatı zəifdir. Ancaq “Olimpiya”nı zəif saymaq olmaz. İndidən demək olmaz ki, bizə asan rəqib düşüb və növbəti mərhələyə asanlıqla keçəcəyik.
– Onu da nəzərə alaq ki, Moldova klubları avrokuboklarda bizə qalib gəlirlər. Bu mənada Moldovadan keçmiş futbolçunuz Denis Kalinkov, yaxud kimdənsə məlumat almaq fikrindəsiniz?
– Kalinkovla danışmağa ehtiyac görmürük. Çünki mənim Moldovadan yaxşı tanışlarım var. Onlardan biri ilə vaxtilə Moskvada Ali Məşqçilər Məktəbində birgə oxumuşam. Artıq onun vasitəsilə işə başlamışıq.
– İlk oyunu evdə keçirəcəksiniz. Özü də ilk dəfə Lənkəranda oynayacaqsınız və bu üstünlükdən yararlanmalısınız. Bütün bunlar haqda nə düşünürsünüz?
– (gülür). Düşünmək qurtardı. İndi düşünmək yox, işləmək lazımdır. “Olimpiya” ilə oyuna yaxşı hazırlaşmaq vacibdir. Hazırda Almaniyada yağışın altında məşq edirik. Əməli işə keçmək lazımdır. Moldova klubu ilə oynayıb, udmaq lazımdır, vəssalam.
– Biz hesab edirik ki, “Xəzər-Lənkəran” bu cütdə favoritdir. Bəs siz necə fikirləşirsiniz?
– Belə deməzdim. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq.
– Yeni transferlərlə bağlı vəziyyət nə yerdədir?
– Legionerlərdən yeganə transferimiz gürcü Davit İmedaşvilidir. Qalanları bildiyiniz yerli futbolçulardır.
– Zaur Ramazanovun qayıdışı gözlənilməz oldu…
– Zaur “Xəzər-Lənkəran”da uğurla çıxış etmiş futbolçudur. Onun potensialına yaxşı bələdik. Hesab edirik ki, Ramazanov bizə fayda verə bilər.
– Ancaq onun nizam-intizamla bağlı problemi olub və bu səbəbdən “Xəzər-Lənkəran”dan kənarlaşdırılıb…
– Nizam-intizamla bağlı problem hər bir futbolçuda ola bilər. Əsas odur ki, bu səhvdən nəticə çıxarasan. Biz Zaura imkan yaratmışıq ki, özünü sübut etsin.
 – Bəs digər keçmiş kapitanınız Emin Quliyevi də qaytarmaq fikrindəsiniz? Onun da intizamla bağlı problemi olub.
– Hər futbolçu səhv edə bilər. Hazırda Eminin məsələsi gündəmdə deyil. Yerli futbolçu axtarışlarını davam etdirmirik.
 
Mənbə: “Apasport.az” 
 
Arxiv: Bosman.at.ua