5 aydan sonra 75-ci qələbə!

“Xəzər Lənkəran” səfərdə qələbəsiz oyunlar seriyasına son qoyub. Topaz Premyer Liqasının VII turunun oyununda Bakıda AZAL-ı 3:1 hesabı ilə məğlub edən “ağ-yaşıllar” 169 gündən sonra rəqib meydanında 3 xal qazanıb. Sonuncu dəfə aprelin 6-da “Kəpəz”i 2:1 hesabı ilə yenən komandamız ötən çempionatın 25-ci turundan sonra səfərdə qələbəyə həsrət idi. Ötən çempionatın son 3 səfər matçını da, cari mövsümün ilk 3 rəqib meydanındakı oyununu da qələbəsiz başa vuran “Xəzər Lənkəran” ölkə kubokunun yarımfinal görüşü və 2 avrokubok görüşünü də rəqib meydanından qələbəsiz dönmüşdü. Bu 9 oyunluq seriyada 3 heç-heçəsi olan Con Toşakın yetirmələri 6 dəfə uduzmuşdu.
AZAL üzərində qələbə həm 169 günlük seriyanı dayandırdı, həm də klub tarixində yubiley – 75-ci səfər qələbəsi oldu. Belə ki, bu matçadək 74 qələbəsi olan “Xəzər Lənkəran” 171-ci dəfə rəqib meydanına çıxmaqla yubiley uğuruna nail idi. Bu 75 qələbədən 59-u çempionat, 15-i Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.
Bu dəfəki 3 xal Con Toşakın rəhbərliyi altında 2-ci səfər qələbəsidir. 75 belə nəticədən 30-u Ağasəlim Mircavadov, 17-si Rasim Kara, 9-u Mirça Rednik, 4-ü Viktor Pasulkonun baş məşqçiliyi vaxtına təsadüf edib. Nazim Süleymanov, Cüneyt Biçər, Yunis Hüseynovun hərəsi ilə 3, İqor Ponomaryovla 2, Karles Bakes və Emin Quliyevlə 1 səfər qələbəmiz var.
Tarixi səfər qələbələri:
1-ci 19.09.2004 Karvan (Yevlax) – Xəzər Lənkəran – 0:1 (çempionat)
25-ci 02.12.2006 Bakılı (Bakı) – Xəzər Lənkəran – 0:3 (kubok)
50-ci 11.11.2009 Muğan (Salyan) – Xəzər Lənkəran – 0:1 (kubok)
75-ci 22.09.2013 Azal (Bakı) – Xəzər Lənkəran – 0:1 (çempionat)
Qeyd edək ki, “Xəzər Lənkəran” ötən tur 100-cü ev qələbəsini qazanmışdı. Ümumilikdə isə 181 dəfə qalib gələn komanda daha 6 dəfə neytral meydanlarda sevinib.
Mənbə: Lankaranfc.com