Buradasınız Əsas » Xəbər » 2013-cü ilə yekun vurarkən…
  • Bookmark and Share

2013-cü ilə yekun vurarkən… 

yekun 2013

2013-cü il son günlərində saytımızın ənənəsinə sadiq qalaraq “Xəzər Lənkəran”ın il boyu çıxışını əks etdirən statistik məlumatları hazırladıq. Bu məlumatlara fəal azarkeşlərin çoxlu sayda müşahidələrini də əlavə etdik. Buyurun izləyin:

Beləliklə, komandamız 2013-cü ildə çempionat, kubok və avroliqa matçları ilə birgə ümumilikdə 41-oyun keçirib;

2013-cü ildə “Xəzər Lənkəran” 32-çempionat oyununda meydana çıxıb ki, bunlardan da 14-qarşılaşma 2012/13 mövsümünə aid olub və komandamız bu oyunların 4-də qalib gəlib, 6-da məğlub olub, qalan 4-görüşü isə sülhlə başa vurub.

2013-cü ilin 2012/13 mövsümünə aid olan hissəsində “Xəzər Lənkəran” ölkə kubokunun finalına qədər gedib çıxaraq həlledici matçda əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Buna qədər isə heyət baxımından özündən qat-qat zəif olan “Turan”ı oyun sonrası penaltilərlə məğlub edib mərhələ adlamış, paytaxtda “Bakı”ya 0:1 hesabı ilə məğlub olsa da, evdə 2:0-hesablı qələbə sayəsində finala vəsiqə qazana bilmişdi.

Finalın əsas və əlavə vaxtlarında qapılara qol vurulmayınca, turnirin qaydalarına uyğun olaraq oyunsonrası penaltilər seriyası ilə qalib müəyyənləşdirilmişdi. Əslində penaltilər seriyasında qaydalar kifayət qədər kobud şəkildə pozulmuş, “ağ-qara” klubun qapıçısı isə penaltilər seriyası zamanı “ədalət təmsilçi”ləri tərəfindən cəzasızlıq görüncə istədiyi və futbol qaydalarından kənar hərəkətlərə yol vermişdi. Penaltiləri yerinə yetirən “Xəzər Lənkəran” futbolçuların psixoloji təsirə məruz qalmasına hesablanmış həmin hərəkətlərə qeyri etik jestlər də əlavə olunsa da hakimlər bütün bu biabırçılığı sadəcə seyr etmişdilər. Matç bitəndən sonra isə “Neftçi” klubunun rəsmiləri və mühafizə xidmətinin əməkdaşları “Xəzər Lənkəran” klubuna və bu klubun çoxminli azarkeşinə qarşı olan kinli münasibətini, qaydasız döyüş növlərinin “pryom”larını tətbiq etməklə nümayiş etdirmişdilər (Sonradan müşahidəçilər tərəfindən bu final qarşılaşmasını, 1942-ci ildə işğal altında olan Kiyev şəhərində Faşist Almaniyasının hava qüvvələrinin futbol üzrə  yığma komandası və “Dinamo” Kiyev komandası arasında baş tutmuş “ölüm oyunu”na bənzədənlər də olmuşdu). Finalda penlatilərdə 3:5 hesabı ilə məğlub olan komandamız kuboku qazanmaq istəyindən əl çəkməli olmuşdusa da avroliqaya vəsiqə qazandığı üçün estafeti Avropa səhnəsində davam edə biləcəkdi.

Beləcə komandamız 2013-cü ildə Avroliqada ümumən 4-oyun keçirdi ki, ilk iki qarşılaşmanı birtəhər yola verib üstün olaraq mərhələ adlamış və ikinci mərhələdə isə İsrail təmsilçisindən tarixinin ən böyük hesablı məğlubiyyətini (0:8) alaraq turnirlə vidalaşmışdı (ilk oyun 0:2).  “Xəzər Lənkəran” 2013-cü ildə Avroliqada keçirdiyi 4-oyunun 1-də qalib gəlmiş, 1-də heç-heçə etmiş və iki qarşılaşmada məğlub olmuşdu. Rəqib qapılarına göndərdiyi 2-topun əvəzində öz qapısında 11-top görmüşdür.

2013-cü ilin avqust ayında başalayan Premyer Liqanın 2013/14 mövsümü də “Xəzər Lənkəran” üçün nəinki uğurlu olmadı hətta ən pis çempionat startı kimi klubun tarixinə düşdü. Belə ki, 2004-cü ildən bəri “Xəzər Lənkəran” ölkə  çempionatlarının ilk 18-turlarında hazırki aşağı göstəricilərindən fərqli olaraq rəqib qapılarına daha çox qollar vurub və daha  çox xal toplamışdı. Qeyd edək ki, cari mövsümün arxada qalan 18-turun oyunlarında komandamız öz qapısına buraxdığı qolların sayına görə də digər bir antirekordunu yaratmşdır.

Dünya şöhrətli baş məşqçi Jon Benjamin Toşakın rəhbərliyində tarixinin bütün antirekordlarına imza atan və ya yeniləyən “Xəzər Lənkəran” artıq uçrumun dərinliyində məskən salmışdı.  Gec də olsa baş məşqçi istefası gerçəkləşdi ki, uelsli təcrübəli mütəxəssisin yerinə eyni yaşda (64-yaş) olan türkiyəli tanınmış məşqçi Mustafa Dənizli təyin olundu. Dərhal iş başına keçən Dənizlinin rəhbərliyində “Xəzər Lənkəran” ümumilikdə 4-matç keçirdi. Onlardan biri kubok oyunu oldu ki, komandamız I divizon təmsilçisini 4:0-hesabı ilə məğlub etdi. “Xəzər Lənkəran” yerdə qalan 3-çempionat qarşılaşmasının 2-də qələbə qazanıb 1-də qələbəyə layiq heç-heçə etdi ki, bu da Türk mütəxəssisin uğurlu başlanğıcı kimi dəyərləndirilə bilər.

Beləliklə, “Xəzər Lənkəran” 2013-cü ilin 2013/14 mövsümünə aid olan hissəsində 18-çempionat matçı keçirib ki, bunların da 5-də qalib gəlib, 7-dəfə meydanı bir xalla tərk edib və 6-görüşdə məğlub olub. Rəqib qapılarına göndərdiyi 16-topun əvəzində öz qapısında 24-top görüb. Yuxarıda da qeyd olunduğu kimi komanda 2013-cü ilin 2013/14 mövsümünə aid olan hissəsində cəmi bir kubok oyununda meydana çıxıb və 4-cavabsız topla rəqibi məğlub edib.

“Xəzər Lənkəran” 2013-cü ildə nə az nə çox 3- baş məşqçi dəyişdi. İlin əvvəlində baş məşqçi postundan istefa vermiş İspan çalışdırıcı Karles Bakesi ilin sonuna qədər Benjamin Toşak əvəz etmişdisə, ilin sonunda istefaya gedən uelsli dünya şöhrətli məşqçinin yerini türkiyəli mütəxəssis Mustafa Dənizli tutdu.

2013-cü ildə “Xəzər Lənkəran” klubunun rəhbərliyi prinsipiallıq baxımından yüksək dəyərləndirilə biləcək bir addım ataraq AFFA və PFL rəhbərlərinin qanlı düşməni olan Babək Quliyevi klubun idman direktoru təyin etdi. Lakin bu prinsipiallıq mayın 28-də baş tutan ölkə kubokunun finalından sonra Quliyevin mətbuata açıqlamasında bir neçə sözü Azərbaycansayağı sətir altı və diplomatik formada deyil, aşkar şəkildə dilə gətirməsindən sonra əriyib getdi. İnsafən bildirmək lazımdır ki, AFFA və PFL rəhbərlərinin qanlı düşməni olan bir şəxsin hansısa klubda uzun müddət çalışacağı Azərbaycan futbolunun reallığında inandırıcı deyildi. İstefa verərək istefaya göndərilən və ya istefaya göndərilərək istefa verən FİFA referisindən savayı “Xəzər Lənkəran” klubunun rəhbərliyi kluba daha bir şəxsi cəlb etdi. Belə ki, mətbuat xidmətinin rəhbər postuna Hüseyn Cəbrayıloğlunun gətirməklə klub peşəkarlıq baxımından düşünülmüş və ağıllı addım atdı. Nəzərə alsaq ki, Cəbrayıloğlunun da PFL rəhbərliyi ilə münasibətləri onun  junlaistlik fəaliyyətindən bəri heç də normal deyildi, belə də ona qarşı da xüsusi iş görülməsi gözlənilirdi. Lakin görünür “Xəzər Lənkəran”ın doğma şəhərdə yaşayan azarkeşlərinin şəxsən tanıdğı və sevdiyi mətbuat katibi Babək Quliyevin “torba”sını tikənlərin dişi üçün deyil ki, hələ ona qarşı heç bir konkret iş görülməsi hiss olunmur.

“Xəzər Lənkəran” klubu və bütövlükdə “Xəzər Lənkəran” camiəsi yarandığı gündən bəri ilk dəfə 2013-cü ildə may ayının 28-də  “Neftçi” klubu və onun havadarları olan AFFA və PFL tərəfindən bütün mənalarda təhqir olundu, bütün mənalarda  döyüldü, fiziki və mənəvi zərbələr də aldı. Bu da azmış kimi “Neftçi” klubunun uzun əllərinin hesabına öncədən qurulan və 25-avqustda reallaşan tələyə düşmüş minlərlə “Xəzər Lənkəran” azarkeşi vəhşi kimi dəyərləndirilərək uzun müddət medianın qınaq obyektinə çevrildi. Üstəlik “Xəzər Lənkəran” azarkeşlərindən bir neçəsi həbs olundu, haqqında qəti imkan tədbiri seçildi, cinayət işi açıldı, məhkəmə iclasları da hazırda fasilələrlə davam edir.

Represiya illərində (1937) təməli qoyulmuş “Neftçi” klubu bütün mənalarda “Xəzər Lənkəran” klubunu və bütün camiəsini istədiyi kimi cəzalandıra bildi. “Xəzər Lənkəran” komandasının Premyer Liqada zəif çıxışı isə azarkeşlərin əksəriyyətinin diqqətini özünə çəkdiyindən bu təhqir olunma prossesinin mahiyyətini anlamaqda minlərlə insan gecikdi elə indi də gecikirlər. Bəziləri isə “Neftçi”nin təxribatına uyaraq həmin 25-avqust hadisələrində zorakılıqlara əl atdılar ki, bu da necə deyərlər “düşmən dəyirmanına su tökmək” kimi bir şey idi. “Neftçi” isə heç vaxt belə şansları boşa vermədiyindən bu dəfə də hadisələrdən öz xeyrinə istifadə etdi.

Məhz 2013-cü ildəki hadisələr minlərlə azarkeşlərimiz arasında pərəm-pərəm düşmənin sirrini açdı və açarını aydınlatdı… Bəli, 2013-cü il, “Xəzər Lənkəran” azarkeşlərinin müəyyən hissəsinin timsalında gücün kəmiyyətdə  (eləcə də kütlə düşüncəsi halında fəaliyyətində) olmadığını bir daha isbatladı.

2013-cü ildə ölkənin futbol qurumunun rəhbərliyi mayın 28-də və avqustun 25-də baş verənlərə siyasi don geydirməyə çalışdı və “üçüncü qüvvə”nin axtarışına çıxdı. Günahkarlar olduğu yerdə yəni həmin futbol qurumlarında və “Neftçi” klubunda deyil stadiona gələn sadə azarkeşlər arasında arandı.

2013-cü ildə ölkənin futbol ictimaiyyətinə tam olaraq məlum oldu ki, Azərbaycan futbolunun idarə olunma sistemində qohumbazlıq və yerlibazlıq prinsipləri önəmli rol oynayır.

2013-cü ildə bir daha özü də bütün çılpaqlığı ilə göründü ki, idman sahəsində çalışan medianın azad düşüncəyə sahib olaraq fəaliyyət göstərməsi sadəcə mümkün deyil. Belə ki, KİV nümayəndələri maddi cəhətdən o qədər acınacaqlı durumdadırlar ki, futbol qurumları və klubların rəhbərləri onlardan istədiyi kimi istifadə edə bilirlər. Belədə isə medianın “dördüncü hakimiyyət”ə iddia göstərməsi gülməli və gülünc görünür.

2013-cü ildə bir daha məlum oldu ki, “Neftçi” fan klubları arasında gedən gərgin mübarizə bu dəfə formasını dəyişsə də mahiyyətini hələ də dəyişməyib. Belə ki, “Neftçi” fan klubları həmişəki qaydada klub rəhbərliyinin və ya futbol qurumlarının sifarişlərini yerinə yetirərək əsasən bölgələrdəki stadionlarda araqarışdırmaq, yerli azarkeşləri təxribata çəkmək və beləcə daim diqqəti əsas məsələlərdən yayındırmaq kimi ənənəsini davam etdirir.

Sonda qayıdaq yenidən “Xəzər Lənkəran”a. Yubley ilində böyük uğurlara imza atmaq niyyətində olan “Xəzər Lənkəran” 2013-cü ildə uğursuzluqlar zolağından çıxa bilmədi. Belədə bütün ümidlər komandanın növbəti ildəki uğurlu çıxışına qalır.

Mövzunu  isə düz bir ildən sonra davam edəcəyik. Saytımızı izləyin.

Mənbə: 12cioyuncu.info

2 Şərh yazıya: 2013-cü ilə yekun vurarkən…

  1. Qabil

    Axşamınız xeyirli olsun, DOKTOR! 2013-cü il ümumiyyətlə komandamız üçün yaxşı başlamadı. İl boyu komanda klubun tarixinə yaraşmayan antirekordlara imza ata-ata xeyli yeni rekordlar müəyyənləşdirdi. 2013-cü ildə üç baş məşqçi dəyişən bir klubdan bundan artığını gözləmək də sadəlövhlük olardı. Hər yeni gələn baş məşqçi heyət üzvlərinə əl gəzdirməklə problemi həll etməyə çalışdı, nəticədə komandamız 2-ci altılıqda mübarizə aparmalı oldu. İndi ümidimizi M.Dənizliyə bağlamışıq. Ya qismət, Allah bilən məsləhətdir, 2014-cü ilə M.Dənizliylə gedirik.
    *****
    2013 “Xəzər Lənkəran” sevərlər üçün belə demək mümkünsə, nəhs gətirdi. Allah gələn illərimizi xeyirli etsin İnşallah. Bir də neylədik, özümüz-özümüzə elədik. Yəni klub başbilənlərinin səhvi çox baha oturdu həm özlərinə, həm azarkeşlərə. Ötənlərdən dərs çıxarılmalıdır!

     
  2. R.S.

    Ötənlərdən dərs çıxarana oxşamır kulub .Nildonu saxlayır,Dənizli görəsən Nildonunnəyinə aşıq olub .nə bilim Neftçininn pas atmış adını birinci dəfə eşidiyimiz futbolçusuna elçi düşüb ,bəlkə qohumudur ,Ya da ki Fatmanisənin qohumudur…
    *****
    Yəqin ki, Nildonun da növbəsi çox da uzaqda deyil.

     

Şərh əlavə et


− altı = 3